Azərbaycan bir gündə 468,2 milyon dollar ziyana düşdü
25-06-2016, 10:06
“Dünya bazarları İngiltərənin Avropa Birliyindən çıxmaq (Brexit) qərarından sonra təlatüm içərisindədir. Son dövrlər sabitliyi ilə seçilən ingilis funt-sterlinqi dünyanın əsas valyutaları qarşısında dəyərini kəskin itirib. İngilis pulunun dəyər itirməsinin Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı təsirləri vardır. Birbaşa təsir ilk növbədə aktivlərinin 5 faizə qədərini ingilis funt sterlinqində və 35,5 faizini avropda saxlayan, eləcə də Londonda, Parisdə və Milanda əmlaka malik olan Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) və hər iki valyuta ilə yığımları və əsasən də Londonda mülkü və biznesi olan Azərbaycan şirkətləri və vətəndaşlarınadır”. AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu “Facebook” səhifəsindəki məqalədə bildirib.
Q.İbadoğlunun sözlərinə görə, bu ilin aprelin 1-ə olan məlumatda ARDNF-nin aktivlərinin valyuta səbətində 1 milyard 150 milyon 700 min funt-sterlinqdə və 10 milyard 655 milyon 800 min avroda vəsait olduğu bildirilirdi: “Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qərarından sonra funt-sterlinq dollara nəzərən 1 gündə 7.66 faiz, avro isə 2,64 faiz dəyər itirib. Hesablamalar göstərir ki, ARDNF-nin valyuta səbətində olan funt sterlinin dollarla müqayisədə 7,66 faiz dəyər itirməsinə görə, 88 milyon funt-sterlinq və ya 115 milyon dollar, avronun dollara nisbətən 2,64 faiz dəyərsizləşməsinə görə isə 281.3 milyon avro və ya 326 milyon dollar məzənnə fərqindən itki yaranıb. Hər iki valyuta üzrə ARDNF-nin məzənnə itkisi 441 milyon dollar olub.
Bununla yanaşı, ARDNF-nin Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən və ilkin satış dəyəri 177 milyon 350 min funt-sterlinq olan ofis kompleksi, habelə Parisdə ilkin satış dəyəri 135 milyon avro olan ofisi, eləcə də Milan şəhərinin tarixi biznes mərkəzində 97 milyon avroya alınan «Palazzo Turati» ofis binasından ibarət daşınmaz əmlak kompleksi də Britaniyanın Avropa Birliyində çıxma qərarından sonra məzənnə itkilərinə məruz qalıb. Hesablamalara görə, Londondakı ofis kompleks məlum səbəbdən 13.5 milyon funt-sterlinq və ya 18.6 milyon dollar, Parisdəki ofis kompleksi isə 4.8 milyon avro və ya 5.6 milyon dollar, Milandakı ofis kompleksi isə 2.56 milyon avro və ya 3 milyon dollar ucuzlaşıb. Bütövlükdə əmlakın dəyərsizləşməsindən ARDNF-nin 3 Avropa şəhərindəki əmlakları bir gündə 27,2 milyon dollar dəyərsizləşib.
Beləliklə, Britaniyanın Avropa Birliyindən çıxması qərarından sonra valyuta bazarlarında baş verən dəyişikliklər nəticsəində DNF-nin aktivləri dollar ifadəsində 1 gündə 468.2 milyon azalıb.
Yeri gəlmişkən onu da qeyd edim ki, Bu hesablamalar məzənnə dəyişilliyindən asılı olaraq azala və ya arta bilər.
Dolayı təsirə gəlincə, bu daha çox əmtəə bazarlarına təsirlərdən qaynaqlanıb. Belə ki, Brexit qərarından sonra dünya bazarlarında Azərbaycan neftinin qiyməti 5 faizədək ucuzlaşıb. Bu da təbii ki, Azərbaycanın ixracat gəlirlərinin azlmasını şərtləndirir”.