Qarabağlar kənd bələdiyyəsinin "kəndxudası" sakinlərin suyunu kəsib öz təsərrüfatını suvarır

8-07-2023, 13:05           
Qarabağlar kənd bələdiyyəsinin "kəndxudası" sakinlərin suyunu kəsib öz təsərrüfatını suvarır
“20 ildir, Gəngərli rayonunun Qarabağlar kəndinin bələdiyyə sədri Nurəddin Babayev kəndin bir neçə artezian quyusunu öz dədəsinin malı kimi mənimsəyib, mənim kimi kasıb sakinlərin həyətyanı sahələrini suvarmağa imkan vermir. Nəticədə əkin sahələrimiz yanıb məhv olur”.
Bu sözləri adının açıqlanmasını istəməyən kənd sakini redaksiyamıza ünvanladığı məktubunda bildirir.
Şikayətçinin iddiasına görə, Nurəddin Babayev bələdiyyə torpaqlarını öz əmlakı kimi əkib becərir, hətta bu ərazidə quşçuluq fabriki belə yaradıb. Di gəl ki, sözdə onun seçiciləri olan kənd sakinlərinə su belə vermir.
Qarabağlar sakini bu şikayətlə dəfələrlə Kəngərli rayonu İcra Hakimiyyətinə müraciət edib. Heç bir nəticə əldə edə bilməyib. Əlacsız qalıb Naxçıvan MR Ali Məclisinə üz tutub. Ali Məclisin yetkililərindən biri Kəngərli İcra başçısının müavini ilə danışıb. Deyib ki, insafınız olsun, ayın bütün gününü siz torpaqlarınızı suvarırsınız, 1 gün də sadə camaata su verin. Rayon rəhbərliynin nümayəndəsi guya təkliflə razılaşıb, amma şikayətçiyə suyu az gələn arteziandan istifadə etməyi məsləhət bilib. Üstəlik, bu artezandan həyətinə şlanklarla su aparmağı vətəndaşın öhdəsinə buraxıb. Niyə? Çünki Qarabağlar kəndinin bələdiyyə sədri müasir kəndxudadır və onun maraqlarına toxunmaq olmaz.
Şikayətçinin əsl anlamadığı da budur; dünyanın hər yerində bələdiyyələr xalq tərəfindən seçilir və xalqa xidmət edir. Azərbaycanda necə olur ki, bələdiyyə sədrləri öz uçotlarında olan torpaqların mülkədarına çevrilir və kənd əhalisinin suyunu kəsərək öz təsərrüfatını suvarır?
Ümidvarıq ki, Azərbaycan rəhbərliyi Qarabağlar kənd sakininin bu qəliz sualına cavab tapar və bizi də məlumatlandırar. Biz də öz növbəmizdə sizi xəbərdar edərik.
Heydər Oğuz
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.