Kreditlə təhsil alıb işsiz qalanlara güzəşt ediləcəkmi?
28-06-2016, 11:57
Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tələbələrə təhsillərini davam etdirmək məqsədilə veriləcək kreditlərin ödənişi ilə bağlı bəzi yeni məqamları açıqlayıb.
Maarifçi Kredit Fondundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunacaq. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq.
Qeyd edək ki, bu kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaq. Lakin nəzərə alınmalıdır ki, tələbə uzun müddət işsiz də qala bilər. Belə halda, kreditin qaytarılması mexanizmi necə olacaq?
Fonddan bununla bağlı bildirilib ki, tələbələrə bu məsələdə 1 il güzəşt ediləcək. Tələbə təhsilini başa vurduqdan 1 il sonra bu kreditləri qaytarmağa başlamalıdır. Oğlanlar üçün isə güzəşt müddətinə hərbi xiddmətdə olduğu müddət də əlavə olunur, yəni bu halda güzəşt müddəti 2 il təşkil edəcək. Kreditlərə faizlər onların qaytarılmasına başlanan zamandan, yəni güzəşt müddəti bitdikdən sonra hesablanacaq. Başqa sözlə, təhsil müddətində götürülən kreditlərə faiz hesablanmayacaq.
Tələbənin təhsilini başa vurduğu illə onun işlə təmin olunduğu dövr ərzində olan müddət üçün kreditə görə faizin hesablanıb-hesablanmayacağına gəldikdə, fonddan qeyd edilib ki, kreditlərin qaytarılması güzəşt müddəti bitdikdən sonra başlanacaq. Tələbə kreditləri ödəməyi gecikdirərsə, bu halda gecikmə müddəti nəzərdə tutulan ümumi ödəmə müddətindən (60 ay) çıxılacaq. Başqa sözlə, tələbənin götürdüyü kreditlərə görə ödəyəcəyi məbləğ nəzərdə tutulan ümumi ödəmə müddətində (60 ay) dəyişməyəcək.
"Maarifçi" Tələbə Kredit Fondu ehtiyac və təyinatına görə fərqli kredit növləri təqdim etməyi nəzərdə tutur. Bunlar təhsil haqqı, yataqxana haqqı, tədris materialları, elmi tədqiqat və araşdırma kreditləri və s. olacaq. Fondun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində prioritet sayılan "Təhsil haqqı kreditləri" təqdim olunacaq. Növbəti illərdə digər kredit növləri üzrə də fəaliyyətə start veriləcək.
Xatırladaq ki, fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Fond dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib. Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilər. Fond 10 ali məktəb tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyəşəcək.
Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən – artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.