Manatın taleyi ilə bağlı bədbin PROQNOZ
28-06-2016, 12:17
Valyuta bazarında dolların möhkəmlənməsi üçün tam iqtisadi zəmin var. Xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır. İndi hərraclarda dollara olan tələbin ən yaxşı halda 20%-i ödənilir.
Deməli, dollar almaq üçün verilən sifarişin böyük əksəriyyətini Mərkəzi Bank və Dövlət Neft Fondu təmin edə bilmir.
Bu isə davamlı olaraq manatın dəyər itirməsinə səbəb olur. Hələlik, Mərkəzi Bank öz xarici valyuta rezervlərini qorumaq üçün hərraca satıcı kimi qatılmaqda maraqlı görsənmir.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov öz “Facebook” səhifəsində yazıb.
“Bu uzun müddət davam edə bilməz. Dövlət Neft Fondunun 2016-cı ildə ümumi xərci 10 milyard 668 milyon manat olacaq.
Fond büdcəyə 7 milyard 615 milyon manat transfer edəcək. Deməli, manatla olan öhdəliklərini nəzərə aldıqda fondun il ərzində dollara olan tələbi tək və tam ödəyə bilməz. Mərkəzi Bank bütün hallarda yenidən öz valyuta ehtiyatlarını bazara çıxarmalıdır.
Bu isə dollara olan tələbi ödəməyə yardım etsə də, rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq. Sadəcə, mövcud tələb-təklifi və Mərkəzi Bankın manevr imkanlarını nəzərə aldıqda, dollar valyuta bazarımızda möhkəmlənməkdə davam edəcək.
Hal-hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir. Top dolların meydançasındadır və dollar bazarda dominatlığını qoruyub saxlamaqda davam edəcək.
Deməli, dollar manata nisbətən dəyər qazanmaqda davam edəcək”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, hazırda USD/AZN rəsmi məzənnəsi 1,5332 səviyyəsində müəyyən olunub.