Tofiq Heydərov AAAF-dan narazıları dinləmir? - İTTİHAM VAR

29-06-2016, 16:23           
Tofiq Heydərov AAAF-dan narazıları dinləmir? - İTTİHAM VAR
Məlum olduğu kimi bu gün respublika ərazisində, xüsusən də paytaxt Bakıda fəaliyyət göstərən inşaat şirkətlərinin nüfuzu gündən günə zəifləyir. Əlbəttə ki, bu proses ilk növbədə həmin şirkətlərin rəhbərləri tərəfindən törədilən çoxsaylı maxinasiyaların və fırıldaqçılıq əməllərinin məntiqi nəticəsi kimi baş verir. Son vaxtlar kütləvi informasiya vasitələrində bu və ya digər tikinti şirkəti tərəfindən müştərilərin aldadılması, alınmış pulların müqabilində mənzilin təqdim olunmaması, eyni bir mənzilin alqı-satqısı üzrə müqavilənin bir neçə vətəndaşla bağlanması faktlarınin müzakirəsinin intensivləşməsi də bu kimi halların artdığını göstərir. Digər tərəfdən isə, bəzi şirkətlər artıq bir neçə ildir ki, əmlak bazarında öz simalarını qoruyub saxlamağa, hətta müştərilərinin sayını da artırmağa müvəffəq ola bilirlər. O cümlədən, Xırdalan şəhəri ərazisində saldığı qəsəbə və yaşayış kompleksləri ilə məşhurlaşan “AAAF İnşaat” şirkəti də bu yaxınlara qədər müştərilərinin rəğbət və etimadlarını qazana bilmiş şirkətlərdən biri kimi tanınmaqda idi. Lakin, təəssüflər olsun ki, son vaxtlar artıq bu şirkətin də əaliyyəti müəyyən narazılıqlar doğurmağa başlayıb. Belə ki, bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti müraciətlərdən birində, Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən 12 mərtəbəli binalardan ibarət kompleksdə mənzil almış vətəndaşlar qəzetimiz vasitəsilə öz iradlarını şirkətin rəhbəri Tofiq Heydərova bildirmək qərarına gəliblər. Yaranmış vəziyyət aldığımız ərizədə belə təsvir olunur: “Dəfələrlə yığılmağımıza, ərizə ilə rəhbərliyə müraciət etməyimizə, narazılığımızı bildirməyimizə baxmayaraq, sözü gedən binalarda aparılan işlər bizi tamamilə qane etmir. Bizi və digər sakinləri narahat edən əsas məsələ kompleksdəki binalarda işlərin olduqca zəif, ləng getməsidir. Sonuncu dəfə mart ayında yığılarkən, bizə 4, 4a, 5, 5a nömrəli binaların tezliklə təmirə və yaşayışa veriləcəyi deyilsə də, verilən vəd yerinə yetirilməmişdir. Belə ki, aprelin ilk 10 günlüyündə, 5 və 5 a nömrəli binaların mayın ilk 10 günlüyündə təmirə veriləcəyi deyilmişdi. 4 və 4a göstərilən tarixdə təmirə verilsə də, 5 və 5a bu günə kimi hələ təmirə verilməyib. Bundan başqa, 4 və 4a binaları tezliklə yaşayışa veriləcək demişdilər. Ancaq indi iyun ayı olmasına baxmayaraq, 4 və 4a-nın yaşayışa verilməsi prosesi başlanmayıb və binalarda olan problemlər göstərir ki, bu gedişlə sözü gedən binaların yaşayışa verilməsi yaxın vaxtlarda gözlənilmir. Eyni zamanda digər binalarda (6, 7, 8 və 9 nömrəli) işlər də zəif getdiyindən sakinlərdə ümumi narazılıq çoxdur. Sakinlər adından sizdən rica edirik ki, sözü gedən binalarda işlərin sürətləndirilməsi üçün, binaların təmirə və yaşayışa verilməsi üçün konkret tədbirlər görəsiz. Sakinlərlə AAAF arasında müqavilə bağlanarkən, bizə bir ilə mənzillərin təmirə verilməsi və qısa zamanda yaşayışa verilməsi söz verilmişdi. Sakinlərin əksəriyyəti hal-hazırda kirayədə qalır. Vəziyyət çətindir, öz mənzilllərimizə köçmək istəyirik. Xahiş edirik bu məsələ ilə ciddi məşğul olasınız.

Əks halda bizim yenə də mətbuata, televiziyaya, yuxarı dövlət orqanlarına müraciətimiz qaçınılmazdır. Biz sadəcə problemlərimizin həllini istəyirik.”

Hörmətlə: Həsənov Ələkbər, Ağalarov Nurlan, Əhmədov Xətai, Əzizov Zaur, Musayev Dadaş, Məmmədov Ədalət, Sadıqov Şahin, Mehdiyev Fərid, İbrahimov Ramin, Məmmədov Rafiq, Baxşəliyev Oktay, Qafarov İbrahim.

Biz də ümid edirik ki, “AAAF İnşaat” şirkətinin rəhbərliyi öz müştərilərinin bu müraciətlərini diqqətə alacaq və onların problemlərinin tez bir vaxtda həlli üçün bütün lazımi tədbirləri görəcəkdir.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.