Mərdan Camalov Şirvanı belə pay-püş edib – FAKT
29-06-2016, 23:23
İcra başçısı Şirvanı tamam özəlləşdirib. 24saat.org-a verilən xəbərdə icra başçısı ilə müavini Elmira Ağayevanın əməlləri ifşa olunub.Əvvəlcə xəbərdə bildirilir ki, Camalov 2005-ci ilin aprelin 18-i icra başçısı təyin olunduğu gündən Şirvanda sahibkarlıq üçün ayrılan torpaq sahələrini kvadratı 100-200 manata satmağa başlayıb.
11 ildir ki, Şirvanda şıdırğı torpaq alveri gedir. Məsələn, Camalovun bibisi qızı Əzizbikənin narkotik satışına görə həbs olunan oğluna şəhərin H.Əliyev prospektində, “Vosmoy” adlanan ərazidən mağaza yeri verilib və tikilib.
Başçının həmin qohumu təzə həbsdən çıxıb. Bundan başqa, Camalov oğlu Samir Camalova Heydər Əliyev adına parkda “Şəlalə” adlı çayxana, şahmat məktəbini zəbt edərək telefon mağazası açıb və illərdir ki işləyir.
Eyni zamanda Camalov dayısı, həm də bacanağı, kollec direktoru işləyən Balamirzə Məmmədova Heydər Əliyev adına muzeyi bağışlayıb. O da öz növbəsində binanı “Rabitə bank”ın Şirvan filialına icarəyə verib, miqrasiya xidmətinin yanında 2 mərtəbəli avtoyuma və çayxana, kənd evlərində köhnə hamamı ələ keçirib.
Bu sadaladıqlarımız təkcə Balamirzə Məmmədovundur. Həmçinin, məlumatda bildirilir ki, “Sultan” adlı hamam, restoranın tikintisi üçün torpaq sahəsi Camalovun xeyir-duasıyla baş prokururun müavini Rüstəm Usubovun kürəkəni Veysi İsmayılova verilib.
Veysin qardaşı Üzeyir İsmayılov isə M.Camalovun bank işi ilə gündəmə gələn Əlikiram adlı qardaşının kürəkənidir və Müdafiə Sənayesi Nazirliyində aparat rəhbəridir. Həmin torpaq ərazisi yalnız Camalovlara məxsusdur. Həmin yer Hacı Vasif adlı şəxsin adına rəsmiləşib.
Daxil olan xəbərdə deyilir ki, şəhid ailələri və məcburi köçkünlər üçün tikilən yaşayış binasının və fərdi evlərin yanında 6 sot torpaq sahəsi Camalovun müəyyən etdiyi qiymətlə 15 min manatadır və ancaq imkanlı şəxslər üçün nəzərdə tutulub. Həmin ərazidən dayısı Şıxverdi Məmmədova və dayısının kürəkəni Mirtağıya həyətyanı ev tikmək üçün hərəsinə 6 sot torpaq sahəsi ayıraraq hədiyyə edib. Həmin yerdən 1 nəfər də olsun sadə Şirvan sakininə torpaq verilə bilməz.