“Bank Standard” Heydər Babayevdən qeyri-standart alınır
6-07-2016, 11:30
Ölkənin bank sistemini bürüyən böhran vəziyyətə nəzarət imkanlarını minimuma endirib. Bankları sağlamlaşdırmaq üçün hökumətin cəhdləri də nəticəsizdir. Maliyyə Bazarlarına Nəzarət Palatası sabiq nazir Heydər Babayevə məxsus “Bank Standard”ın sağlamlaşdırılmasına qərar versə də, ekspertlər burada ciddi qanun pozuntularının olduğunu bildirirlər.
Ekspert Əkrəm Həsənovun sözlərinə görə, “Bank Standard”ın qeyri-sağlam “sağlamlaşdırılma”sı davam edir: “Bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri bildirib ki, iyulun 4-dən Bank Standard ”normal rejimdə" fəaliyyətə başlayacaq. Yəni qanun pozuntularına son qoyacaq, o cümlədən əmanətçilərin pulunu uzağı 5 iş günü ərzində qaytaracaq. Lakin artıq əmanətçilərə bankda yenə bildirilib ki, pullarını tam çıxara bilməyəcəklər. Üstəlik, dollar əmanətləri manatla, özü də aşağı məzənnə ilə qaytarılır, halbuki bu məsələdə qanuna görə seçim müştərinin olmalıdır: dollar əmanətini manatla götürmək istəmirsə, ona dollar verilməlidir.
Əgər Palata üçün belə qanun pozuntuları ilə fəaliyyət “normaldır”sa, vay bank sisteminin və ölkə iqtisadiyyatını halına! “Bank Standard”ın “sağlamlaşdırılması” əməliyyatı kobud qanun pozuntuları ilə aparılır. Sağlamlaşdırma Nazirlər Kabinetinin qərarı ilə aparılmalıdır, amma həmin qərar indiyədək dərc olunmayıb. Sağlamlaşdırma planı Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmalıdır, amma indiyədək həmin plan dərc olunmayıb. Əksinə, Palata deyir ki, planı hələ hazırlayır. Əmanətlərin qaytarılmasının dayandırılması məhkəmə qərarı ilə olmalı idi. Deyirlər ki, belə qərar var, amma onu da dərc etmirlər. Palata bəyanat yayıb ki, sağlamlaşdırma “Azər-Türk Bank” vasitəsilə aparılacaq. Hətta bankın idarəetmə orqanlarını da bu bank normallaşdıracaq. Halbuki bu, mövcud səhmdarların səhmlərinin əllərindən alınması deməkdir. Bunun üçünsə qanuna görə, məhkəmə qərarı tələb olunur.
Hanı həmin qərar? Niyə açıqlanmır? Palata iki gün əvvəl həmçinin bəyan edib ki, “Azər-Türk Bank” tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına “Bank Standard”a 1 illik kredit xətti ayrılıb. Əvvəla, Mərkəzi Bank dəstək verirsə, elə birbaşa krediti “Bank Standard”a versin, “Azər-Türk Bank”a nə ehtiyac var?
Vasitəçi nəyə lazımdır? Digər tərəfdən, kredit xəttinin məbləği açıqlanmır. Sağlamlaşdırma üçün vəsaitlər dövlət hesabına ayrılır və Nazirlər Kabinetinin qərarında əksini tapmalı idi. Burada gizli bir şey olmalı deyil. Əksinə, xalq onun hesabına hansısa bankın xilasına ayrılan məbləği bilməlidir, əmanətçilər də o cümlədən.
Qeyri-şəffaf sağlamlaşdırma ola bilməz. Bu, ümumiyyətlə, sağlamlaşdırma deyil, baş aldatmadır. Görünən odur ki, “Bank Standard”ın “sağlamlaşdırılması” əməliyyatının əsas məqsədi elə əmanətlərin qaytarılmamasıdır. Çünki Əmanətlərin Sığortalanması Fondu faktiki müflisləşib və pulu yoxdur. Belə gedişlə bank sisteminə etimadı necə bərpa etmək olar? Bundan sonra əmanətlərin guya tam sığortalanmasına inanıb bankda kim pul saxlayar?"