Uşağını döyənlərə psixoloqdan XƏBƏRDARLIQ

7-07-2016, 09:07           
Uşağını döyənlərə psixoloqdan XƏBƏRDARLIQ
teref.az lent.az-a istinadən “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmovanın məqaləsini təqdim edir.
Döymək – uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.
Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox, daha kinli olur. Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:
Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.
Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib, özünü günahkar hiss etmək əvəzinə, onu döyəni günahlandırır.
Uşağın valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.
Uşaq valideynlərinin davranışlarını təqlid edərək, problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə, fiziki cəza uşağı vicdanlı olmamağı öyrədir!
Bəzi hallarda uşağı səhv bir hərəkətdən qorumaq üçün ana-ataların vurmaqdan başqa çarə tapmadıqlarının şahidi oluruq. Amma ana-ata bəzən çarəsiz qalıb uşağa vurmaq məcburiyyətini özündə hiss edirsə, heç olmazsa aşağıdakı qeydləri nəzərə alsınlar:
– Deyilən sözü başa düşən 6 yaşdan yuxarı uşağı vurmağın gərəyi də, faydası da yoxdu.
– Sözdən anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa-üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərdən istifadə etmək çox zərərlidir. Bu, ana-ataya deyil, zülmkara yaraşır.
Uşağa vurmaq əslində zərərlidir. Ancaq aşağıdakı hallarda son çarə olaraq buna müraciət edilə bilərlər:
– Uşaq başqasına qəsdən və bilərək zərər verərsə;
– Davamlı xəbərdarlığa baxmayaraq, pis hərəkətində israr edirsə; (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq)
Yenə də, əsas qaydamızı təkrarlayaq. Əlinizdən gəldiyi qədər döyməkdən uzaq olmalı, söz başa düşən yaşda olan uşağı sözlə izah etməli, vurmağı faydalı olduğu zaman seçməli, əsəb və gərginlik zamanı döyməkdən qəti istifadə edilməməlidir!
Sonda isə onu demək istərdim ki, uşaq sahibi olmaq böyük məsuliyyətdir. Ana və atalar uşağın tərbiyəsində feli və fikri əməkdaşlıq etməlidirlər. İnanın, nə qədər mümkünsüz görünsə də, uşağı ona xətər yetirmədən böyütmək mümkündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.