Beynəlxalq təşkilatlar ANS-ə niyə dəstək vermədi?-EKSPERT YANAŞMASI
25-07-2016, 19:12
ANS televiziyasının, ANS CM və ANSpress media qrumlarının bağlanmasından 1 həftə ötdü. Bu prosesdə diqqəti çəkən məqamlardan biri də nə Qərb dövlətlərinin, nə də dünyanın nüfuzlu qurumlarının ANS-in qapadılmasına etirazının olmaması oldu.
Media Hüququ İnstitutunun rəhbəri, tanınmış media eksperti Rəşid Hacılı gununsesi.info-ya yaranmış vəziyyəti şərh edib.
Ekspert bildirib ki, buna səbəb hamının diqqətinin Türkiyədə olan dəhşətli hadisələrə yönəlməsidir: “Mən düşünürəm ki, bu həm də yerli hüquq müdafiə qurumlarının bu məsələyə birmənalı münasibətinin olmaması, habelə, yerli hüquq müdafiə qurumlarının fəaliyyət imkanlarının çox məhdud olmasıyla bağlıdır. Amma bütün hallarda düşünürəm ki, bu hər halda media sahəsində çox ciddi addımdır. Və tezliklə bütün beynəlxalq hesabatlarda bunu görəcəyik.
Bununla yanaşı Rəşid Hacılı ANS-in bağlanmasının qanunsuz addım olduğunu deyib: “ANS-in fəaliyyətinin 1 aylığa durdurulması barədə MTRŞ-nın 18 iyul qərarı hər hansı hüquqi arqumentə söykənmir. Qərarda onu əsaslandıra bilən az-çox çəkiyə malik hüquqi faktlar göstərilməyib. Fətullah Güləndən müsahibə alması və onu yayımlamaq niyyətində olması kimi faktlar TV-nin fəaliyyətini müvəqqəti də olsa dayandırmaq üçün əsas ola bilməz. Hər bir medianın xəbər bölümündə yüzlərlə qanunazidd sayıla biləcək materiallar dolaşır. Amma o çapa gedənə qədər media buna görə məsuliyyətli tutula bilməz. R.Hacılı qeyd edib ki, MTRŞ-nın qərarında hər hansı başqa bir fakta da istinad yoxdur. Onun sözlərinə görə, orada yalnız çox ümumi siyasi arqumentlər var: “Türkiyə-Azərbaycan siyasi tərəfdaşlığı, terrorla mübarizə və s. Bunlar hüquqi arqumentlər deyil. Gülən və onun təşkilatı hər hansı Azərbaycan qanunuyla terror təşkilatı elan olunmayıb. Üstəlik, hətta terror təşkilatının başçısından belə müsahibə almaq və yaymaq birmənalı olaraq, terrora dəstək vermək kimi qiymətləndirilə bilməz”.
Qeyd edək ki, Qeyd edək ki, iyulun 18-də Milli Televiziya və Radio Şurası kanalın bağlanma səbəbi kimi verdiyi aşıqlamada deyib ki, qurum Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.