4 heyva 2.80, 10 yumurta 3 manat: Qiymətlərin "əl yandırması" səbəbləri...
22-01-2024, 13:09

Ötən gün könlümə heyva düşdü. Yaxınlığımızdakı meyvə, tərəvəz , göy-göyərti "polkası"ndan həmin meyvədən 2-3 kq almaq üçün yaxınlaşdım. Əlimdə 3 manat tutdum ki, təxminən 3 kq heyva alaram. Satıcıdan qiyməti soruşanda, necə deyərlər gözüm kəlləmə çıxdı. 1 kq ( 4 heyva) 2 manat 80 qəpik.
Təxminən dekabr ayının əvvəlində həmin heyvadan 5 kq almışdım, qiymət də 1 manata. Aradan nə keçdi bilmirəm, cəmi 1 ay 10 gündən sonra bu heyvaya nə oldu ki, qiyməti 2 dəfədən qalxdı. Əslində son 1-2 ayda fantastik şəkildə qiyməti qalxan diğər meyvə- tərəvəz, ərzağın qiyməti hamıda böyük ruh düşkünlüyü yaradıb. 1 kq düyünün qiyməti 3 manat, 60 qəpik, 1 kq xurmanın 8-20 manat arası , yemək hazırlamaq üçün yağ: Ankor: 1 kq 19.95 qəpik, Gerda: 1 kq 20.50 qəpik, 10 yumurta isə 3 manat...Uzunçuluq etmək istəmirəm, qiymətlərin hansı səviyyədə olduğunu hamınız bilirsiniz...
Azərbaycan vətəndaşı olaraq ərzağın və digər məhsulların günbəgün artan qiyməti məni bərk narahat edirdi və bu kimi malların qiymətinin belə sürətlə qalxmasına anlam verə bilmirdim.
Nəhayət , iqtisadçı alim, millət vəkili Vüqar Bayramov narahatçılığımıza son qoydu. O bildirib ki, Azərbaycanın qeyri-neft ixracatı 2023-cü ilin 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 10.5 faiz artaraq 3.033 milyard dollara çatıb:"Qeyri-enerji ixaracatının 33.1 faizi Rusiyanın, 24.0 faizi Türkiyənin, 9.9 faizi Gürcüstanın, 5.1 faizi İsveçrənin, 3 faizi Qazaxıstanın, 2.5 faizi Türkmənistanın, 2.4 faizi Ukraynanın, 2 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb".
Bu xəbər yeni ilin demək olar ki, hələlik ən yaxşı xəbəridir. Daha sonra iqtisadçı alim qeyd edir ki, bu dövrdə bir sıra qeyri-neft məhsullarının ixracatında artım qeydə alınıb:“Belə ki, meyvə ixracı 22 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artıb.
Bütün bunlarla yanaşı bəzi ixrac məhsullarımızda azalma qeydə alınıb. Həmin dövrdə kartof ixracı 9 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalıb.
Bir sözlə, V.Bayramovun sözündən belə anlamaq olar ki, Azərbaycanda ərzağın, meyvə-tərvəzin qiyməti ona görə əl yandırır ki, bu məhsulların ixracı kəskin artıb. Yəni, vətəndaşın tələbatı yüksək olan bu mallar elə yüksək qiymətlə də xaricə satılır. Yəni xaricə mal satıb ciblərini dolduranların canı sağ olsun, Azərbaycan xalqı ucuz qiymətə meyvə-tərəvəz, digər ərzaqlar alıb yeməsə də olar! Zatən , aya 400-500 manata fəhlə işləyənlərin heç mövsümündə də meyvə-tərəvəz almaq imkanı yox dərəcəsində olur. Alqışlayıram, qoy məhsulumuzdan ruslar yesin, ərəblər yesin, biz yeməsək də, olar, indiyənə qədər yemədik, öldük ki?
Əntiqə Rəşid