“Ailə TV” iflic vəziyyətə düşdü – Nə baş verir?
3-08-2016, 10:30
Azərbaycanda yetərincə geniş yayılan və minlərlə abunəçi toplayan “Ailə TV” şirkətinin serverində qəfil problemlər yaranıb.
Bu problemlərin nədən yarandığı və nə qədər davam edəcəyi bizə məlum deyil, çünki şirkətdən normal açıqlama verilmir. Belə ki, kabelli TV yayımından başqa, vətəndaşlara internet provayderi olaraq xidmətlər də göstərən “Ailə NET” şirkəti avqustun 2-də gündüz saatlarından başlayaraq, artıq neçə saatdır ki, “müvəqqəti nasazlıq” deyilən məsələni həll edə bilmir.
Nəticədə isə, bu şirkətin xidmətlərindən istifadə edən Qafqaz Xəbər Agentliyinin iş rejimində də problem yaranıb. Əlbəttə, bu hal sırf bizə qarşı təxribat deyil və bütün respublika ərazisindəki “Ailə TV” abunəçilərinin eyni problem yaşadığı barədə də məlumat almışıq. Lakin əməkdaşların vaxtaşırı olaraq “perezaqruzka gedir, bir saata düzələcək” deyə verdiyi cavab qənaətbəxş deyil. Çünki, həmin “bir saat”ın üstündən neçə saat keçib və nəticədə başqa vətəndaşlar da öz işlərini vaxtında görə bilmirlər.
Maraqlıdır ki, şirkətin saytında da bu barədə heç nə qeyd olunmayıb və mətbuata açıqlama verilmir. Əgər “Ailə TV”nin hər hansı “perezaqruzka” planları var idisə, qabaqcadan vətəndaşlara xəbərdarlıq edə bilməzdilərmi?
Ümid edirik, bu və digər suallara sözügedən şirkət tərəfindən aydınlıq gətiriləcək.