Özəl klinikalarda bu üsulla ödənişsiz xidmət ala bilərsiniz - Video

25-04-2024, 10:14           
Özəl klinikalarda bu üsulla ödənişsiz xidmət ala bilərsiniz - Video
Məlum olduğu kimi bu il martın 5-dən etibarən vətəndaşlar icbari tibbi sığorta əsasında özəl klinikalara planlı müayinə və müalicə üçün göndərişləri elektron qaydada əldə edə bilirlər.

Hər hansı problemlə dövlət tibb müəssisəsinə yaxınlaşan vətəndaş əvvəlcə həkim müayinəsindən keçir, diaqnozu təsdiqlənir və ona dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaq üçün özəl klinikaya göndəriş verilir.

“Qafqazinfo” dövlət xəstəxanasından birində Bakı sakini Fuad Hədisovun göndəriş alma prosesini izləyib. Həmsöhbətimiz dizində illər əvvəl yaranan ağrının şiddətlənməsi səbəbindən xəstəxanada ixtisaslı həkimə müraciət edib və məlum olub ki, diz oynağı MRT olunmalıdır. Dövlət tibb müəssisəsində sözügedən cihaz olmadığından Agentliklə müqaviləsi olan özəl klinikalardan birində müayinə üçün ona göndəriş verilib. Həkim tərəfindən diaqnozun təsdiqindən sonra xəstəxananın qeydiyyat bölümündə elektron növbə götürən pasiyent “Göndərişlər” pəncərəsinə yaxınlaşaraq sənədlərini təqdim edir. Sənədləri sistemə vurulur və göndəriş verilməsi üçün sorğu yaradılır.

Sorğu Agentliyin Göndərişlər şöbəsinin mütəxəssisləri tərəfindən araşdırılır və dəyərləndirilir. Əgər bütün sənədlər qaydasındadırsa, 24 saat ərzində vətəndaşa göndərişin təsdiqi ilə bağlı SMS-lə birdəfəlik kod göndərilir.

Vətəndaş F. Hədisov xidmət almaq istədiyi özəl klinikanı seçmək üçün ən rahatı – “e-Tabib” mobil tətbiqi vasitəsilə siyahı ilə tanış olur: ““e-Tabib” tətbiqini telefonuma yüklədim. SMS kod gələndən sonra tətbiqin “Göndərişlər” bölməsindən tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyim klinikaların siyahısı ilə tanış oldum. Daha sonra siyahıdan seçim etdim. Seçim imkanı geniş idi, mən yaşadığım yerə yaxınlıqda yerləşən klinikalardan birini seçdim”.

“e-Tabib” tətbiqindən istifadə etməkdə çətinlik çəkənlər, ikinci üsulla da özəl tibb müəssisəsinə göndərişi əldə edə bilərlər. SMS-lə kodu aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR kodu oxutmaqla şəxs müraciət edə biləcəyi özəl xəstəxanaların siyahısı ilə tanış ola bilər. Bu zaman vətəndaş seçdiyi klinika ilə əlaqə saxlayaraq tələb olunan tibbi xidmətin orada göstərildiyini əvvəlcədən dəqiqləşdirməlidir.

Sadalanan bu iki üsuldan başqa vətəndaşlara daha bir seçim imkanı yaradılıb. Belə ki, SMS-lə birdəfəlik kod aldıqdan sonra vətəndaş müqaviləli özəl klinikalarla bağlı siyahı ilə Agentliyin saytından tanış olaraq (https://its.gov.az) müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirə bilər. Bu zaman da tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.

Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edilmədikdə isə imtinanın verilmə səbəbi haqqında vətəndaşa SMS bildiriş göndərilir.

Bəs hansı hallarda Agentlik göndərişi təsdiq etməyə bilər?

Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərovun sözlərinə görə, xəstəxana idarəetmə sisteminin göndəriş modulu üzərində yaradılan sorğu Agentliyin müvafiq şöbəsinin mütəxəssisləri tərəfindən dəyərləndirilir: “Göndərişin diaqnoza uyğun olub-olmadığı, həmin xidmətin Xidmətlər Zərfinə və qeyd edilən patalogiyaya uyğunluğu dəqiqləşdirilir. Bunlar düzgün olduğu halda göndəriş təsdiqlənir. Vətəndaşa təsdiqedici SMS kod göndərilir. Bəzi hallarda Agentlik tərəfindən imtina da verilə bilir. Bu o halda baş verir ki, həmin xidmət TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarında və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutunda göstərilirsə, xəstəxana tərəfindən sorğu yaradılarkən səhv tərtibat olarsa və ya eyni vətəndaşa eyni göndəriş bir neçə dəfə təkrar göndərilərsə, onlardan birinə imtina verilir. Həmçinin özəl xəstəxanalar da xidmətə imtina verə bilərlər. Bura həkimin hansısa səbəbdən tibb müəssisəsində olmaması, 10 iş günü ərzində həmin xidmətin göstərilməsinin mümkünsüzlüyü, hansısa cihazın işləməməsi kimi hallar daxildir”.

Agentlik rəsmisinin sözlərinə görə, göndərişlər daha çox funksional-diaqnostik, oftalmoloji və invaziv-kardioloji xidmətlərlə bağlıdır.
Qeyd edək ki, vətəndaş 10 iş günü ərzində xidmətdən yararlanmadığı təqdirdə, həmin göndəriş deaktiv olunur. Bu halda növbəti dəfə dövlət tibb müsəssisəsinə müraciət edilməli, yenidən göndəriş alınmalıdır. Həmçinin burada limit nəzərdə tutulmayıb, tibbi göstəriş olduğu halda vətəndaş ehtiyac olduğu qədər göndəriş vərəqəsi əldə edə bilər.

Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.