MTK rəhbərlərinə bəd xəbər: Bundan sonra…
18-05-2024, 00:03
Azərbaycanda mövcud olan, xüsusilə sovet ittifaqı dövründə və müstəqilliyin ilk illərində özbaşına inşa edilmiş sənədləşdirilməsi mümkün olmayan evlərin təsnifatlaşdırma və qeydiyyata cəlb olunması istiqamətində normativ hüquqi sənədlər hazırlanır.
Bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyib.
Bildirib ki, Prezidentin ötən il daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sisteminin yaradılması ilə bağlı fərmanı olub:
“Həmin fərman daşınmaz əmlakın reyestri və kadastrı sahəsində bütün növ əməliyyatları elektronlaşdırılmasını nəzərdə tutur. Bundan sonra kağız tələbləri və vətəndaşların qeydiyyat orqanına gəlmə məcburiyyəti ortadan qalxacaq. Dövlət orqanları elektron inteqrasiya qaydasında bir-birindən sənədləri əldə edərək elektron arxivlər vasitəsilə qeydiyyat üçün lazımi sənədləri təmin edəcəklər. Bu istiqamətdə normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı fərmanda tapşırıq qoyulub. Hazırda həmin normativ sənədlərin hazırlanması davam etdirilir. Portal yaradıldıqdan sonra bütün növ sənədlərin elektron qeydiyyatı başlanılacaq”.
O, qeyd edib ki, burda önəmli yeniliklərdən biri xüsusilə, çoxmənzilli yaşayış binalarında mənzil əldə edilməsi ilə bağlıdır:
“Bəzi vətəndaşların şikayəti ilə qarşılaşırıq. Bir mənzilin bir neçə şəxsə satılması, ümumi sahənin düzgün hesablanmaması ilə bağlı şikayətlər olur. Vətəndaşların maliyyə borcunu tam ödəməklərinə baxmayaraq müvafiq arayışın əldə edilməsi ilə bağlı çətinliklərlə qarşılaşılmasından narazılıq edilir. Yaradılacaq modulla çoxmənzilıli yaşayış binasının tikintisinə icazə alındığı andan etibarən həmin binanın portalda xüsusi bir imitasiyası yaradılacaq, hər bir mənzil ancaq portal vasitəsilə elektron qaydada alqı-satqı oluna biləcək və bir şəxsə satıldıqdan sonra həmin mənzil bloklanaraq onun ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək. Eləcə də mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun hesablanması, ödənişlərin elektron hökumət portalı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Prezidentin fərmanı ilə bəzi qeyri-yaşayış obyektlərinin istismara icazəsinin sadələşdirilməsi nəzərdə tutulub. Bu istiqamətdə Azərbaycanda yeddi mindən artıq sahibkarın qeyri-yaşayış obyektinin sənədləşdirmə işləri artıq başlanılıb və burada çox ciddi, uğurlu bir təcrübə əldə olunub. Dövlət Xidmətində buradakı təcrübənin yaşayış fonduna tətbiqi istiqamətində işlər aparılır”.
E.Məmmədov MTK-ların bir mənzili bir neçə hissəyə bölüb satmaları məsələsinə də münasibət bildirib:
“MTK-lar fiziki olaraq mənzili bölüb, yeni qapı qoyub və ya başq bilər, dəyişikliklər edərək sata bilirdilər. Vətəndalar sənədləşməyə gələndə məlum olurdu ki, əslində layihədə belə bölgü nəzərdə tutulmayıb. Alqı-satqı əməliyyatları tam elektronlaşdıqdan sonra layihədə olmayan hissə artıq portalda mövcud olmayacaq. Yəni əgər rəsmi qaydada layihəyə dəyişiklik edilməyibsə, şəhərsalma qaydalarına uyğun olaraq layihə təsdiqlənməyibsə, MTK özü fiziki vəziyyət yaradaraq alqı-satqı edə bilməyəcək. Bunun üçün portalda mənzilin hər bir imitasiyası olacaq, hər bir otağının, hər bir yaşayış və köməkçi sahənin yerləşmə mövqeyi öz əksini tapacaq və vətəndaş aldığı mənzilin bütün məlumatlarını görə biləcək”.
E.Məmmədov bildirib ki, yeni yaradılan portalda elektron arxiv modulu olacaq:
“Hər bir vətəndaş öz şəxsiyyət vəsiqəsinin pin kodunu orda yazdığı zaman ona digər dövlət orqanlarının bu günə qədər verdiyi sənədlərin elektron təsdiqlənmiş sürətlərini görəcək. Məsələn, sizə hansısa icra hakimiyyəti tərəfindən bir torpağa aid sərəncam verilibsə, qeydiyyat üçün həmin kağızı fiziki olaraq gətirməyə ehtiyac olmayacaq. Həmin dövlət orqanı ilə elektron interasiya qaydasında vətəndaş sənədi portalda görəcək”.