Pensiya və müavinətlər nə qədər artacaq? – Vahid Əhmədov açıqladı
18-05-2024, 00:05
Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da, may-iyun ayında əlavə dəyişikliklərin edilməsi də mümkündür. Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib.
Millət vəkili hesab edir ki, Dövlət Neft Fondundan büdcəyə əlavə vəsaitlər daxil edildikdə bu amillər nəzərə alınır:
“Burada həmçinin ölkədə qeydə alınmış inflyasiyanın da faizi əsas götürülür. Bu ilin dörd ayı ərzində inflyasiyanın faizi kifayət qədər aşağı olub. Statistik rəqəmlərdə bu, bir faiz həcmində göstərilir”.
Komitə üzvünə görə, minimum əməkhaqqının artırılmasına ehtiyac var:
“Çünki ötən il də 8,8 faiz səviyyəsində infilyasiya qeydə alınıb. Ona görə də, minimum əməkhaqqının nə qədər və necə artırılması məsələsi amili mövcuddur. O cümlədən, pensiyaların və müavinətlərin də artırılması ilə bağlı məsələyə baxıla bilər”.
Vahid Əhmədov bildirib ki, dövlət büdcəsinə daxil olan əlavə vəsaitin bölüşdürülməsi ilə bağlı məsələyə baxıldıqda minimum əməkhaqqının artırılması da gündəmdə ola bilər:
“2025-ci ilin dövlət büdcəsində minimum əməkhaqqı ilə bağlı konkret addımın atılması gözlənilir. Minimum əməkhaqqı, yaşayış minimumu dövlət büdcəsi zərfi qəbul edilərkən təsdiq edilir. Eyni zamanda minimum əməkhaqqı ilə bağlı müəyyən proqramlar var. Aidiyyatı qurumlar bu proqramın üzərində işləyir”.