Repetitorların “qazanc qapısı” bağlanır: - “Testlər elə hazırlanacaq ki...”
23-05-2024, 16:30
Qəbulun asanlaşdırılması üçün Dövlət İmtahan Mərkəzindən test hazırlamaq səlahiyyəti alınmalıdır?
Ali məktəblərə qəbul imtahanlarının çətinliyi hər zaman müzakirə mövzusudur. Baxmayaraq ki, bu il buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən şagirdlərin sayında artım olub. Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirilməsinə isə bir neçə gün qalıb.
Mütəxəssislərin fikrincə, ali məktəbə qəbulun asanlaşdırılmasının əsas yolu, bu sahədə fəaliyyət göstərən qurumların-Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə fəaliyyəti nəticəsində vahid proqram hazılanmasından keçir. Belə ki, qəbul prosesinin çətinliyi və nəticədə şagirdlərin repetitor vasitəsilə hazırlaşmasının bir səbəbi kimi də orta məktəb proqramlarının qəbul proqramları ilə uyğun gəlməməsi göstərilir.
Problemi necə aradan qaldırmaq olar?
Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirib ki, bu istiqamətdə problemin həllinin bir yolu var:
“İllərdir Dövlət İmtahan Mərkəzindən test hazırlamaq səlahiyyəti alınmalı olduğunu təklif edirik. DİM imtahanları keçirən texniki bir quruma çevrilməlidir. Testlərin hazırlanması məzunların bilik və bacarıqlarına uyğun olmalıdır. Bunun üçün Prezident, yaxud Nazirlər Kabineti yanında xüsusi Testologiya İnstitutu və ya Mərkəz yaradılmalıdır. Həmin Məkəz nə Dövlət İmtahan Mərkəzi, nə də Elm və Təhsil Nazirliyindən asılı olmalıdır. Həmin Mərkəz ETN-lə monitorinqlər, DİM-lə sınaq imtahanları vasitəsilə əməkdaşlıq edir, testləri təqdim edir. Nəticə etibarilə məzunların bilik və bacarıqlarının səviyyəsini müəyyən edir. İstər buraxılış, istərsə də qəbul imtahanları məhz bu bilik və bacarıqlara uyğun olaraq tərtib olunmuş testlər əsasında həyata keçirilir”.
Bu il ötən illərə nisbətən buraxılış imtahanlarında sualların asan olmasına gəldikdə isə ekspertin sözlərinə görə, asan deyil, sadəcə DİM ilk dəfə olaraq şagirdlərin bilik və bacarıqlarana uyğun olaraq test tərtib edib:
“Məzunlar da müvafiq nəticəni göstərdilər. Bizim də istəyimiz odur ki, imtahana salınan testlərdən məzunların bilik və bacarığına uyğun testlər həyata keçirilsin. Blok imtahanlarını da belə tərtib edə bilərlər. Ölkənin “2022-2026-cı il İqtisadi İnkişaf Konsepsiyası”nın təhsillə bağlı bölümündə göstərilib ki, 2026-cı ilə qədər tələbə yerlərinin sayı 75 minə qalxacaq. Əsas məsələ odur ki, 2022-2023-cü tədris ilində tələbə yerlərinin sayı hər il 45 min idisə, 56 minə qalxdı, builki 2023-2024-cü ildə qəbul zamanı 66 minə, gələn il isə 75 minə qalxacaq. Nəzərə alsaq ki, hər il ölkə üzrə 100-115 min nəfər sənəd verir, qəbul edilənlərin sayının artması keçid ballarının aşağı düşməsinə gətirib çıxaracaq. Tələbə yerlərinin sayının artmasına görə məcburdurlar ki, məzunların və bacarıqlarına uyğun suallar tərtib etsinlər”.