Qurban bayramına görə heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirilir
10-06-2024, 16:26
Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək.
Bu barədə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, 16-17 iyunda qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək.
Hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində Agentlik tərəfindən monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı geniş ictimaiyyətə açıqlanacaq. Bu ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə aparılacaq. Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınmaqla bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur. Kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə müvafiq satış şəbəkələrində həyata keçiriləcək.
Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.
Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşdıqda, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.