Azərbaycanda futbola ayırmağa "böyük" pullar qalmayıb - Sponsorlardan "can" alan klublar...
10-06-2024, 19:04
Azərbaycanda futbol klublarının əksərinin gəlirləri yox dərəcəsindədir. Çempionat qarşılaşmalarına maraq aşağıdır. Bir neçə bölgə komandasından başqa heç bir klub tribunaya azarkeş toplaya bilmir. Hətta “Qarabağ” da bu vəzifənin öhdəsindən istənilən səviyyədə gəlmir. Bir iş var ki, Ağdam təmsilçisi avrokuboklardan qazanmağı bacarır. Ölkədə barmaqla sayılacaq klub UEFA-dan bu yolla müəyyən məbləğ ala bilir. Qalan yük SOCAR-ın, dolayısıyla AFFA-nın üzərinə düşür. Bütün liqa klublarını dövlət neft şirkəti maliyyələşdirir.
Bizimyol.info xəbər verir ki, bir neçə klubu çıxmaq şərtilə əksərinin sponsoru yoxdur. AFFA Misli Premyer Liqasının iştirakçılarının hər birinə il ərzində 3 milyon manat ayırır. I liqa klubları bundan 10 dəfə az alır. II liqa klublarına daha az çatır.
AFFA-da rəhbər dəyişikliyindən sonra məbləğlərin artırılacağı gözlənilirdi. Misli Premyer Liqasında oynayacaq 10 klubun hər birinə ildə 4 milyon manat ayrılacağı bildirilirdi. Amma hadisələrin gedişi göstərir ki, AFFA məbləğləri artırmağı düşünmür. Çünki böyük neft pulları daha yoxdur. Futbola ayırmağa da böyük pullar qalmayıb.
Axırıncı çempionatda Misli Premyer Liqası və I liqanın hər birində 10 klub mübarizə aparırdı. II liqada isə 14 komandaya oynamaq imkanı verilmişdi. Gözlənilirdi ki, AFFA iştirakçıların sayını artıracaq. Hər şeydən əvvəl “Qəbələ”nin yüksək liqadan daha aşağı diviziona göndərilməyəcəyi ehtimal edilirdi. Çünki bu klubun avrokuboklarda qrup mərhələsi təcrübəsi var. Üstəlik, Qəbələ şəhərində futbol akademiyası fəaliyyət göstərir. Əlbəttə, AFFA-nın idman prinsiplərini pozmaması, reqlamentə əməl etməsi yaxşı haldır. Amma I liqadan daha çox kluba Misli Premyer Liqasında oynamaq imkanı verilə bilərdi. Amma təkcə “Şamaxı” bu hüququ əldə etdi.
II liqanını uğurlu komandaları da eyni taleyi yaşadı. “Füzuli”nin, “Şahdağ”ın gözü yolda qaldı. Bu klublar II liqada üçüncü və dördüncü yeri tutduqlarından, ümid edirdilər ki, AFFA yaşıl işıq yandıracaq. Lakin assosiasiyanın maliyyə imkanlarının genişlənməməsi, əksinə, bu istiqamətdə gələcəyin qaranlıq görünməsi həmin klubların istəyinin üzərindən xətt çəkdi.
Gələcəkdə necə olacaq? Çox çətin. Sponsorlar olmasa, klubların böyük addımlar ata bilməz. Hətta dağılan komandalar görəcəyik. Sponsorların olmamasına görə isə özümüzü qınamalıyıq. Ölkədə sahibkarlara münasibət yaxşı deyil. Dövlət isə həmişə sponsorluq edə bilməz.