Yayın ortasında istirahət xəyalı - NƏ ETMƏLİ?

22-06-2024, 18:14           
Yayın ortasında istirahət xəyalı - NƏ ETMƏLİ?
Yay istirahət fəsli olduğundan, hər kəs bu mövsümü mümkün qədər arzuladığı kimi keçirməyə can atır. Ölkə daxilində istirahətlə yanaşı, xaricə səyahət planlaşdıranlar da az deyil. Lakin Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri bağlı olduğundan, xaricə səyahət ancaq hava məkanı ilə mümkündür. Bu səbəbdən xaricdə dincəlməyi planlaşdıranlar ucuz aviabilet axtarışındadırlar. Artıq turizm şirkətləri müxtəlif istiqamətlər üzrə yay turpaketlərinin satışına başlayıb. Bəs görəsən bu yay hansı istiqamətlərdə ucuz aviabilet tapmaq mümkün olacaq?
Sputnik Azərbaycan-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava limanının (AZAl) mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova bildirib ki, yeni "loukoster"lərin ölkəyə gəlməsi istiqamətdə fəal iş aparılır.
"Sərnişinlərə daha sərfəli səyahət imkanları təklif etmək üçün yeni aviaşirkətlər, xüsusən də aşağıbüdcəli aviadaşıyıcılar regional hava limanlarına cəlb olunur. Təkcə Bakıdan deyil, ölkənin digər hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir" - N.Xəlilova deyib.
O, bildirib ki, regional hava limanlarından ən çox uçuşlar Türkiyə və Rusiya istiqamətlərinədir. Çünki, tələbat əsasən bu istiqamətlərədir.
N.Xəlilovanın sözlərinə görə, artıq Gəncədən həm də "Mineralnıye vodı"ya da səyahət etmək mümkündür: "İyunun 22-dən Lənkəran beynəlxalq Hava limanından "Utair" aviaşirkəti vasitəsilə həftədə bir dəfə Moskvaya uçuşlara başlanılacaq. Bu istiqamətdə digər aviadaşıyıcı da fəaliyyət göstərir".
N.Xəlilova deyib ki, yayda səyahətin əvvəldən planlaşdırılması aviabiletlərin ucuz əldə edilməsinə səbəb olur. Çünki yayda tələbatın artması aviabiletlərin qiymətlərini də artırır.
Turizm üzrə ekspert Rəhman Quliyev isə Sputnik Azərbaycan-a bildirib ki, ötən illə müqayisədə bu il müxtəlif ölkələrə endirimli aviabiletlərin satışına başlanılıb. Bu isə turpaketlərin qiymətinin ucuzlaşmasına səbəb olub.
"Aviabiletlərin qiymətləri turpaketlərin qiymətlərinə ciddi təsir edir. Çünki, turpaketlərin qiymətini formalaşdıran məqam aviabiletlərin qiymətləridir. Milli aviadaşıyıcı AZAL-ın birbaşa həyata keçirdiyi uçuşların qiymətlərində əvvəlki illərlə müqayisədə 20-30 faiz ucuzlaşma var. Destenasiyaların çoxalması da ucuzlaşma qiymətlərə təsir göstərib. Türkiyənin bir sıra kurort şəhərinə, Gürcüstana, Orta Asiya, Körfəz və Avropa ölkələrinə birbaşa uçuşların sayının artırılması turpaketlərin ucuzlaşması ilə yanaşı xaricdən ölkəmizə turist axınına da səbəb olur" - ekspert bildirib.
O, əlavə edib ki, birbaşa uçuşların həyata keçirildiyi destenasiyalar turist mübadiləsinə imkan yaradır. Azbüdcəli uçuşların sayının artırılması səyahət üçün ölkəmizi seçən turistlərin sayını artırır.
Dövlət Turizm Agentliyindən isə bildirilib ki, bu ilin yanvar-may aylarında Azərbaycana 9818 aviareys təşkil olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz çoxdur. Azərbaycana ən çox Rusiyadan, daha sonra Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən uçuşlar olub. Həmin dövrdə Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşımalar 39 faiz artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.