Bu il də passiv seçki hüququndan yararlana bilmədim - Sağlamlıq dəvası deputatlıq davasını üstələdi

10-07-2024, 13:08           
Bu il də passiv seçki hüququndan yararlana bilmədim -
Elə bilirdim ölkədə ən yüksək qanun Konstitusiyadır. Ən azı, Ana Qanunda
belə də yazılıb. Son 15 ayda çəkdiklərim bunun “de-yure” belə olduğunu,
“de-fakto” ölkədə heç kimin konstitusiya-monstitusiya “hərləmədiyini”
ortaya qoyub. Konstitusion hüquqa baxın, dövlətin üç hakimiyyət qolunun
qanunverici orqanı 15 aydır dövlətin adından çıxarılan məhkəmə qərarını
icra hakimiyyətinin ləğv etmək gücünün, qanunun geriyə qüvvəsinin
olmadığını dılğır bir pensiya filialına anlada bilmir. Hələ baş prokurorluğu,
Ombudsmanı, PA-nı, NK-nı, Hesablama Palatasını, Ədliyyə Nazirliyini, Ali
Məhkəməni, Məhkəmə Hüquq Şurasını, Konstitusiya
Məhkəməsini ...demirəm. Bir sözlə, ölkədə Konstitusiya yox, özbaşınalıq,
mafiya qaydaları ən yüksəkdədir.
Qanunverici orqanın buraxılması da elə vaxta düşdü ki, passiv seçki
hüququndan bu yol da yararlana bilmədim. Heç neçə ildir aktiv seçki
hüququmdan da mənim yerimə Məzahir müəllimin seçki komissiyası
yararlanır. Sən necə aktiv olursan ol, qutudan “yap”ın passivləri” çıxır.
Amma “passiv bəxti” sınamaq da olar.
Ya doğulduğum Ağsudan (87 saylı seçki dairəsi) , ya da qeydiyyatda
olduğum Nərimanov rayonundan (20 saylı dairə) “passivlik” sərgiləmək
fikrində idim. Düzü, fikrimdə qəti deyildim, Ağsudan Tahir Kərimli,
Nərimanovdan Adil Əliyevlə “kəllə-kəlləyə” gəlmək ölümə tay idi.
(“Passiv”) bəxtimdən” hər ikisi mandat davasından qıraqda qalıb; deyilənə
inansaq, biri özü çəkilib, o biri “zorla” icra başçısı edilib. Allahtərəfi, hər
ikisi 15 ayda 15 yol ƏƏSMN rəhbərliyinə “ağız açıb”. Di gəl, Konstitusiyanı
qüvvəyə mindirə bilməyiblər. Deputat olsam, ƏƏSMN rəhbərliyinə
parlamentdə “yağlı” yaltaqlıqla həm aylıq “paketimə”, həm də pensiyamın
düzgün hesablanmasına nail ola bilərəm. Böyük Sabir demiş, mən salim
olum, cümlə cahan batsa da batsın.
“Passiv” bəxtimə gün doğsa” da, sağlamlıq durumum seçkidə iştiraka yol
vermir. İyulun 13-dən 23-ə kimi öz hesabıma ( ƏƏSMN qərəzlə nə
müalicəni təşkil edir, nə yol xərcini ödəyir) ölkədən kənarda, 24-dən
avqustun 10-a kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
hesabına Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicədə
olacağam.
Zarafat bir yana, istərdim əsgər Qarabağ qazisi deputat olsun. Heç olmasa,
bir nəfər dolanışığını təmin edər, əli süpürgədən üzülər, yanmaz. Yoxsa
(düşmənə) yaman da qazi, yanan da.
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.