“İsa Bulağı”nda bir çaydan çayın 32 manat olmasına deputatdan etiraz: - “İnsaf, ədalət öndə olmalıdır”
26-07-2024, 16:16
Şuşada fəaliyyət göstərən “İsa Bulağı” istirahət kompleksində bir çaydan çayın qiymətinin 32 manat olması ciddi narazılıqla qarşılanıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də Pravda.az-a açıqlamasında narazılıqların haqlı olduğunu deyib.
Deputat bildirib ki, torpaqlarını azad görmək, Şuşada, işğaldan azad olunmuş torpaqlara getmək, “İsa bulağı”ndan su içmək, Cıdır düzünü seyr etmək uzun illər hər bir Azərbaycan vətəndaşının müqəddəs arzusu olub: “Şükürlər olsun ki, bu acılara indi qüdrətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin böyük siyasəti, düşünülmüş gedişləri, Ordumuzun qüdrəti, igid oğullarımızın şücaəti nəticəsində son qoyulub. Hər bir Azərbaycan vətəndaşı bunu qiymətləndirməlidir. Hərəkətlərində nizamlı olmalıdır. Torpaqlarımız azad olunub, əlbəttə ki, həmin yerlərdə ictimai iaşə obyektlərinin fəaliyyəti, turizmin genişləndirilməsi müəyyən çətinliklər yarada bilər. Amma insanlarımız ən birinci insafı, bir də müqəddəs amalları daim göz önündə saxlamalıdırlar. Ehtiyacı olanların tələbatını ödəmək xatirinə, nəyinsə xatirinə qiymətləri artırmaq düzgün yol deyil. Qarabağa gedənlərin rahatlığının təminatı üçün hər kəs çalışmalıdır. Sözsüz ki, bu, sahibkarlıq sahəsi olsa da, insaf, ədalət öndə olmalıdır. İnsanlar narazı qalmamalıdırlar. Şuşa, “İsa bulağı” və digər guşələrimiz müqəddəs ocaqlarımızdır. Həmin torpaqların hörməti hesabına hər sahədə güzəştə getməli, norma və qaydaları gözləməliyik”.