Gündə 150 qram ət yeməliyik: Amma cəmi 5,2 qram yeyirik
1-08-2024, 11:34
İnsan orqanizmi üçün vacib, əvəzolunmaz aminturşuları və zülalla bol olan ət və ət məhsullarını mütəmadi qəbul etmək lazımdır.
Qida mütəxəssislərinin fikrincə, çəkiyə və yaşa görə gündəlik ət norması 50-150 qramdan artıq olmamalıdır. Sutkalıq rasionun 15%-ni ət məhsulu tutmalı, qalan faiz başqa ərzaqlar olmalıdır. Gündəlik qida üçün hər ət növü uyğun deyil. Bəzi ət növlərində çox zərərli yağlar, piylər var.
Maraqlıdır, gündəlik nə qədər ət istehlak etməliyik? Azərbaycan dünya ölkələri sırasında ət istehlakına görə neçənci yerdə qərarlaşır?
Özümüzü əti çox yeyən kimi təqdim etsək də, kifayət qədər ət istehlak edirik?
Məsələ ilə bağlı qidalanma eksperti Məhsəti Hüseynova “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ət zülallarla zənginliyi, eyni zamanda tərkibində vitamin və mineralların çox olması baxımından sağlamlıq üçün faydalı hesab olunan qidalar sırasındadır:
“Xüsusilə insan orqanizmində əvəzsiz rolu var. Eyni zamanda, böyükbaş heyvanların əti, qırmızı ət, quş və balıq əti insan orqanizm üçün çox faydalıdır. Lakin temperatur yüksəldikcə, yay aylarında xüsusilə maddələr mübadiləsinin sürəti zəiflədiyindən, qırmızı ətin həzm olunması daha da çətinləşir. Ona görə yaxşı olar ki, yay mövsümündə həftədə 2 və 3 dəfə qırmızı ət yeyilsin. Bir porsiyada 100-150 qramı keçməmək şərtilə ət qəbul edilməlidir. Amma quş və balıq ətini istədikləri kimi, həftənin bütün günlərində, amma yenə də 200 qramı keçməmək şərtilə qəbul edə bilərlər. Çünki bu ətlər daha tez həzm olunur”.
Ekspert bildirib ki, qırmızı ətin qəbulu zamanı yerli və mövsümü C vitamini tərkibli tərəvəzlərdən yanaşı istifadə edilməlidir:
“Bu siyahıya göyərti məhsulları, yaşıl şirin bibər, pomidor, xiyar və C vitamini bol sitrus meyvələrindən portağalı qəbul etmək olar. Eyni zamanda, üzərinə limon sıxmaqla qəbul olunması həzmi daha da asanlaşdırır və ətin tərkibindəki dəmirin asanlıqla həzm olunmasına kömək edir”.
O vurğulayıb ki, yeni kəsilmiş heyvanların ətindən istifadə etmək lazımdır:
“Ətin yaxşı bişirilməsinə də diqqət edilməlidir. Çünki ətdən insan orqanizminə keçən bir çox bakteriya və viruslar var ki, yay mövsümündə temperatur yüksək olduqda, eyni zamanda, ət yaxşı bişmədikdə orqanizmin bir çox xəstəliklərə yoluxmasına səbəb ola bilər. Ona görə mütləq ət yaxşı bişirilməlidir”.
M.Hüseynova qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının 2016 -cı il statistikasında ölkələrin illik ortalama ət istehlak miqdarı açıqlanıb.
Dünyada ən çox ətyeyən ölkələr Luksemburq, Honq-Konq və ABŞ-dir:
“Avropa, Latın Amerikası və Şimali Amerika adambaşına ən çox ət yeyilən ərazilərdir. Afrika və Cənub-Şərqi Asiya adambaşına ən az ətin yeyildiyi ölkələrdir. Azərbaycanda hər il adambaşına 19.4 kiloqram ət yeyilir.
Qonşu Gürcüstanda bu rəqəm 31.2, Ermənistanda isə 29 kiloqramdır.
Türkiyədə isə bu rəqəm 21.2-dir. Nə qədər təəccüblü olsa da, Şimali Qafqaz ölkələri arasında əti ən az yeyən məhz azərbaycanlılardır”.
Həsən Məmmədov
“Cebheinfo.az