"Keçən ay 34 manatı oğurladınız, bu ay da 35 manatı..." - Parkinson xəstəsi ABB-dən şikayət edir
1-08-2024, 18:18
Ucar şəhər sakini Əliyev İldırım Ağakişi oğlu tərəfindən “Hurriyyet.az” saytının redaksiyasına şikayət ərizəsi göndərilib. Vətəndaş bildirir ki, 220 manat aylıq təqaüd alır. Azərbaycan Beynəlxalq Bankından 2 min 500 manat məbləğində kredit götürüb. Parkinson xəstəsi olan şikayətçi borcu üçün hər ay 85 manat pul ödəyir.
Əliyev İldırım Ağakişi oğlu bildirir ki, hər ay pensiyasından 130 manat götürərərək 90 manatı bank üçün saxlayır və onun hesabından 85 manat əvəzinə 54 manat kredit üçün məbləğ çıxılıb. O, yerdə qalan 35 manatın niyə yoxa çıxdığını anlamır. Vətəndaş bankın pulu mənimsədiyini iddia edir.
“Xəstəliyimlə əlaqədar məcbur olub kredit götürmüşəm. Onlar özləri dedilər ki, istəyirsən, 11 faizlik kredit verək, get müalicə al. Mən də razılaşıb götürdüm. Amma müqavilədə gördüm ki, 22 fazidir. Danışıqları ilə verdikləri qərar üst-üstə düşmür. Baxdım ki, 42-44 manat kredit ödəməliyəm, 42-43 manat da faizi verməliyəm. Təqaüdüm aylıq 220 manatdır. 4 ildir ki, pensiyaçı adamam, başıma bu oyun açılmamışdı. Pulumu çəkmirdim, qalırdı ki, yığılsın, istədiyim vaxt götürüm. Yığılan məbləğ 300-400 manat olanda bir az da olsa köməyimə çatırdı. Xəstəliyimin müalicəsi üçün xərcləyirdim. Gördülər ki, o pula əlim dəyməyib, düşünüblər, ehtiyacım yoxdur. 35 manat tutulur. Hara gedib, bilmirik. Beynəlxalq Bank pulumu oğurlayıb”, deyən şikayətçi hesab edir ki, bank onun pulunu mənimsəyib.
“Pensiyamdan 130 manatımı götürürəm, 90 manatımı da saxlayıram ki, kreditim ödənilsin. Kreditimin 54 manatını ödəyirlər, yerdə qalanını ödəmirlər. Hanı bu pul? 90 manatı boşuna saxlamışam? “54” nədir də?! Qalıq pulumu onlardan soruşuram ki, 54 manatı çıxdınız, bəs qalan pulum hanı? 35 manatı nə etmisiniz? Keçən ay 34 manatı oğurladınız, bu ay da 35 manatı. Bu pullar hara gedir? Türkiyədə zəlzələ olan vaxtı mənim hesabımdan 12 manat çıxdılar. Bəs qardaş ölkəyə yardım edəcəklərini dedilər. Mən də dedim, zərər yoxdur, yazıb göndərmisən, halal xoşları olsun! Bu mesajı göndəriblər də, yəni mümkündür də. Bəs indi niyə bildiriş göndərmirsən ki, pul çəkəcəcəksən, filan miqdar bəhmən şeyə lazımdır. Elə götürüb yoxa çıxırlar”, sözləri ilə Əliyev İldırım Ağakişi oğlu düşdüyü durumun təfərrüatlarını qeyd edir.