“Güvənli” MMC-yə ağır ittiham: Külli miqdarda cərimələnə bilər
13-08-2024, 13:08
“Güvənli” MMC kredit təşkilatı külli miqdarda cərimələnə bilər.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən nzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Məcəllənin 598.1.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Güvənli” MMC kredit təşkilatı 1 avqust 2020-ci il tarixindən etibarən lombard kreditləri üzrə fəaliyyətə başlayıb və hazırda ölkədə 16 filialı var.