Dünən inhisarla bağlı ARAŞDIRMA BAŞLADI, bu gün QİYMƏT QALXDI: İnsanlar ŞƏRİKLİ İNTERNET işlədəcək
16-08-2024, 09:54
Ötən gündən etibarən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.
Xidmətdən verilən məlumatda bildirilir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.
Belə ki, internet provayderləri (Aztelekom, Bakı Telefon Rabitəsi (Baktelecom) və s.) tərəfindən nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.
Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur.
Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur.
Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.
Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir.
Bu xəbərin ardından bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.
Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Mövzu ilə bağlı Referans.Az-a İT üzrə mütəxəssis Tariyel Ağazadə danışıb. O bildirib ki, hazırda Azərbaycanda internetin sürəti reytinq baxımından digər ölkələrdən geri qalır:
"Bu istiqamətdə standart olaraq minimun 100 mbit/s-lik internetin tətbiq olunması reytinq baxımından ölkəni yüksəkliyə qaldıracaq. Ona görə də minimum 100 mbit/s-lik internetin 25 manatdan təklif olunması həm istifadəçi, həm də ölkənin internet infrastrukturunun yaxşılaşdırılması baxımından yaxşı addımdır. Lakin, buna baxmayaraq, ölkədə müxtəlif internet tarifləri tətbiq olunub. 25 manata 100 mbit/s-lik internet sürətinə alternativ olaraq nisbətən ucuz internet tariflərinin ən optimal şəkildə saxlanılaraq tətbiq olunması arzuolunan haldır. Ötən gün başladılan inhisar məsələləri nisbətən ucuz qiymətə, məsələn, 20 manata 60 mbit/s-lik internet sürətinin istifadəçilərə tətbiq olunmasına gətirib çıxara bilər.
İT üzrə digər mütəxəssis Rəşad Əliyev də saytımıza danışıb. Ekspert bildirib ki, əvvələr vətəndaş 15 manat ödəyib internet paketi əldə edirdisə, indi 20 manatdan yuxarı məbləğdə pul ödəyib internet alması minusdur: "Bu vətəndaşlar üçün ikiqat xərc deməkdir. İnternet paketlərinin qiyməti qalxsa, vəziyyət pisləşə bilər, internetə pul tapmayan insanlar şərikli internet işlədəcəklər. Həmçinin, müsbət tərəf bundan ibarətdir ki, insanlar "YouTube"-a əziyyətlə girirdi. Artıq sözügedən platforma yeni tarif sayəsində sürətlə açılacaq".
Müsahib bildirib ki, yeni dəyişiklik təkcə müştərilərə deyil, həmçinin kiçik provayderlərə də mənfi təsirini göstərəcək. Ona görə ölkədəki kiçik internet provayderlərin birləşməsi aktual olacaq. Ümumiyyətlə, ölkədə 100- dən çox provayderin olması mənfi haldır.