Rusiya-Ukrayna müharibəsi başlayandan bu olkələrin 1,5 milyondan çox vətəndaşı Azərbaycana səfər edib
16-08-2024, 11:04
Rusiya-Ukrayna müharibəsi başlayandan (2022-ci il 24 fevral) 2024-cü ilin iyul ayınadək bu ölkələrin 1 milyon 535 min 889 nəfər vətəndaşı Azərbaycana səfər edib.
Bu, Dövlət Statistika Komitəsinin Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkələri ilə bağlı illər üzrə aparılan hesablamalarından məlum olur.
Dövlət Statistika Komitəsindən Amerikanın Səsinə bildiriblər ki, Dövlət Sərhəd Xidmətindən daxil olan məlumatlara görə, 2022-ci ilin mart-dekabr aylarında Rusiyanın 397 min 5 nəfər, Ukraynanın isə 24 min 609 nəfər vətəndaşı ölkəyə daxil olub.
2023-cü il ərzində isə Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycana gəlişində artım müşahidə olunub. Belə ki, ölkəyə Rusiyadan gələnlərin sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 nəfər Ukrayna vətəndaşı Azərbaycana gəlib.
2024-cü ilin yanvar-iyul aylarında 438 min 66 nəfər Rusiyadan, 20 min 189 nəfər Ukraynadan Azərbaycana giriş edib.
Bununla yanaşı, Statistika Komitəsindən Amerikanın Səsinə bildiriblər ki, bu ölkələrdən gələn vətəndaşların nə qədərinin geri, öz ölkəsinə dönüş etdiyi və nə qədərinin Azərbaycanda qaldığı barədə statistika aparılmır.
Dövlət Miqrasiya Xidməti Amerikanın Səsinin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu ölkələrin Azərbaycana gələn vətəndaşlarının nə qədərinin yaşayış və işçi icazəsi aldığı barədə sorğusuna hələ cavab verməyib.
COVİD 19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycanın quru sərhədləri 2020-ci ilin martından bağlıdır. Hökumətin qərarına əsasən ölkənin quru sərhədləri 2024-cü il 1 oktyabrınadək bağlı olacaq.
Təhlilçilər hesab edir ki, Azərbaycanın quru sərhədləri açıq olsa, ölkəyə gələnlərin sayında kəskin artım müşahidə edilər. Bu baxımdan müxalifət və bir sıra ekspertlər hökumətin quru sərhədləri bağlı saxlamasını tənqid edir. Hökumət isə quru sərhədlərin bağlı saxlanılmasının həm də milli təhklükəsizliklə bağlı olduğunu bəyan edir.
Bu il aprelin 23-də prezident İlham Əliyev "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, quru sərhədlərinin bağlı olması ilkin qərar koronavirusa görə olsa da, sonradan yeni reallıqlar yaranıb.
"Açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır. Xüsusilə də indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr də yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır. Milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədləri bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır", o qeyd edib.