Azərbaycan vətəndaşlarının xərci artıb: İnflyasiya yerində dayanmır
16-08-2024, 16:34
Mövcud şərtlər dəyişməz qalacağı təqdirdə illik rəsmi inflyasiyanın 5,5 faiz olacağı gözlənilir.
Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 452,2 manat pul xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 manat və ya 3,2 faiz çoxdur. Pərakəndə ticarətdə 421,3 manat xərcin 249,5 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 202,7 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Xərclərin artmasının əsas səbəbi inflyasiyadır
Ekspertlər deyirlər ki, ölkəmizdə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Ona görə də adambaşına düşən xərclər artıb. Eyni məhsulu almaq üçün daha çox vəsait sərf olunur.
Keçən ay ərzaqların qiyməti 2 faiz bahalaşıb
Qeyd edək ki, ötən ay Azərbaycanda illik ərzaq inflyasiyası 2 faiz olub. Başqa sözlə, keçən ay illik müqayisədə ərzaqların qiyməti 2 faiz bahalaşıb. Keçən ay təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (1,7 faiz), ödənişli xidmətlərin qiymətləri (4,3 faiz) də bahalaşıb. Ümumilikdə isə illik inflyasiya cari ilin aprel ayınadək azalma istiqamətində olub. Belə ki, aprel ayına qədər ölkədə illik inflyasiya azalsa da, aprel ayından sonra isə inflyasiya yenidən artmağa başlayıb. İllik inflyasiya keçən ay ölkədə 2,7 faiz təşkil edib. İyun ayında isə bu göstərici 1,1 faiz idi. Əgər növbəti aylarda inflyasiya aşağı düşərsə, adambaşına düşən orta aylıq xərcin artım tempi də azalacaq.
"10 faizədək inflyasiya normaldır"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, müvafiq qurumlar tərəfindən Azərbaycanda inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün tədbirlər davam etdirilir. Hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf etməkdədir və ölkədə 10 faizədək inflyasiya qəbul ediləndir: "Hava şəraitinin pis keçməsi ilə bağlı bu yay mövsümündə müəyyən meyvələrdə qiymət enməsinin o qədər də olmaması, bir sıra xidmətlər üzrə qiymətlərin bahalaşması şəraitində inflyasiyanı saxlamaq bir az çətin olacaq. Lakin inflyasiya olmadan iqtisadiyyat olmaz və bu inflyasiya iqtisadi artımı, ixracatı stimullaşdırır. Ümumilikdə isə 10 faizədək inflyasiya normal səviyyədir".
Mərkəzi Bank nə deyir?
Mərkəzi Bankın məlumatına əsasən, inflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bununla belə əvvəlki aylarda müşahidə edilən davamlı qiymət azalması dayanıb və bəzi məhsullar üzrə qiymət artımı müşahidə edilib: "Tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 6 ayında 4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8 faiz artaraq 69.7 mlrd. ABŞ dolları olub. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1 faiz artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb".
Diqqətə çatdırılıb ki, inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib: "Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk amillərinə isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir. İlkin qiymətləndirmələrə görə 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmə nəticəsində xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Bununla belə ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılır".
"İnflyasiyanın 2024-cü ildə 5,4 faiz olacağı gözlənilir"
Qeyd edilib ki, ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib: "Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 faiz, 2025-ci illdə isə 5,5 faiz olacağı gözlənilir. İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1,5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər".
Pərakəndə ticarət dövriyyəsi artır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,3 milyard manatlıq, o cümlədən 17,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,3 faiz artıb.
Ən çox ərzaqlara pul xərclənir
Bu ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin:
-50,6 faizi ərzaq məhsullarının,
-4,6 faizi içkilər və tütün məmulatlarının,
-12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
-5,6 faizi avtomobil benzini və dizel yanacağının,
-4,8 faizi elektrik malları və mebellərin,
-2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların,
-1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
-18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri artıb
Bu ilin yanvar-iyul aylarında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 735,1 milyon manat pul xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
"İnflyasiya minimal səviyyədə qorunub saxlanılıb"
Xatırladaq ki, iyulun 30-da "İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda cari ildə ölkədə istehlak bazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub. İclasda xarici amillərin, habelə ərzaq bazarında idxal olunan məhsulların qiymət indekslərindəki dəyişmələr və ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində 2023-cü ildə birrəqəmli inflyasiya hədəfinə nail olunmaqla yanaşı, cari ilin ötən dövrü ərzində də inflyasiyanın minimal səviyyədə qorunub saxlanıldığı qeyd edilib. Bildirilib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyununda orta illik inflyasiya 0,7 faiz olub.
Qeyd edilib ki, tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib. Valyuta bazarında tarazlığın qorunması inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb.
İclasda daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlərin davam etdiriləcəyi bildirilib. Ötən müddət ərzində qanunvericilikdə rəqabət məsələləri, dərman vasitələri bazarı və s. istiqamətdə həyata keçirilən təkmilləşdirmələrin bu proseslərə müsbət təkan verəcəyi vurğulanıb.
Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.