Həkim azlığı, avadanlıq çatışmazlığı, yoxsa... – Rayon xəstəxanalarında niyə daha çox ölüm OLUR?

17-08-2024, 09:24           
Həkim azlığı, avadanlıq çatışmazlığı, yoxsa... –
Azərbaycanda xəstələrin ölüm hallarının çoxu bölgə xəstəxanalarında baş verir. Doğum zamanı və ya doğuşdan sonra uşaq ölümləri ilə bağlı mətbuatda gedən xəbərlərin də əksəriyyəti rayonlardan gəlir. Belə təəssürat yaranır ki, rayon xəstəxanalarında ya peşəkar həkim azdır, ya tibbi avadanlıqlar yoxdur. Digər bir məsələ isə maarifləndirmə ilə bağlı ola bilər. Yəni insanlar onları narahat edən problemə görə xəstəxanalara çox gec, xəstəlik irəlilədikdən sonra müraciət edirlər.

Rayondakı tibb müəssisələrinin fəaliyyətsizliyini, həmçinin Bakıya bölgələrdən gələn xəstə sayından da görmək mümkündür.

Rayon xəstəxanalarına müraciət edənlərin böyük hissəsi ya həkimlər tərəfindən Bakıya yönləndirilir, ya da vətəndaşlar öz istəkləri ilə paytaxta üz tuturlar.

Araşdırmalar göstərir ki, vətəndaşların çoxu bölgə xəstəxanalarında tibbi avadanlıqların və xidmətin yetərli olmaması səbəbindən Bakıya axın edir.

Mövzuya münasibət bildirən həkim-radioloq Aydın Əliyev Bizim.Media-ya deyib ki, neqativ halların baş verməsində sadalanan faktorların hamısının rolu var:

“Əsas məsələ səhiyyənin təşkili məsələsidir. Xəstəxanalarda, xüsusilə, bölgələrdə protokolllar tətbiq edilmir. Dünyanın inkişaf etmiş ölkələrində təsdiq edilən müayinə və müalicə protokolları təssüflər olsun ki, təsdiq edilmir. Səhiyyə təşkil edilərkən bu protokollar tərtib edilməli, bütün xəstəxanalara, klinika, poliklinikalara göndərilməlidir ki, filan şikayətləri olan xəstəyə hansı müayinələrdən keçməsi, laborator analizlər verilməlidir. Xəstənin hansı instrumental laborator müayinələrdən keçməli olduğu qeyd edilməlidir.

Bundan başqa, protokolda müayinə nəticələri əldə olunandan sonra daha hansı müayinələrin aparılması, filan diaqnozda dəqiq hansı sübut edilmiş dərman preparatlarından istifadə edilməli olduğu qeyd edilməlidir. Həkimlər məlumatlandırılmalı və bu, onların qarşısında tələb şəklində qoyulmalıdır ki, icra olunsun. Bizdə bu yoxdur. Hər həkim öz peşəkarlıq dərəcəsinə görə məsələyə yaxınlaşır. Burada da kənara çıxmalar yaranır və bəzən də belə neqativ hallar yaşanır”.

Həkim bildirib ki, ölkədə xəstəlikdən ölən şəxsin pataloji-anatomik müayinəsinin aparılması da çox vacibdir:

“Şəxs vəfat etdisə, mütləq şəkildə bu iş təşkil edilməlidir. Kütləvi informasiya vasitələrində maarifləndirmə aparılmalıdır ki, insanlar vəfat etmiş şəxsin meyitinin təşhis olunmasının vacibliyini başa düşsünlər. Bu, tibbin inkişafı üçün əlahiddə dərəcədə vacibdir.


Bizim mentalitetə görə, heç kim istəmir ki, onun rəhmətə gedən yaxınının meyiti təşhis edilsin. Lazımsız bir adətdi, nəsildən -nəslə ötürülən çox yersiz və mənasız qaydadır. İnsan vəfat etdisə, onun bədəni bir cisim kimidir. İnkişaf etmiş ölkələrdə ölən insanın meyitini yandırırlar. Bunun maarifləndirməsini aparmaq lazımdır.


İnsanları qınamıram, onlar məlumatsızdılar. Bu, səhiyyənin təşkilində vacibdir. Çünki insan bir xəstəlikdən dünyasını dəyişir və hansısa müalicələr aparılıb, amma burada yanlışlıq, səhvlik olub. Növbəti dəfələrdə buraxılmış səhvlərdən doğru nəticə çıxarmaq üçün patoloji-anatomik müayinələr mütləq şəkildə edilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.