“Makler”lərin bahalaşma yaradan ev bazarlığı: - Belə aldadırlar

17-08-2024, 10:38           
“Makler”lərin bahalaşma yaradan ev bazarlığı: - Belə aldadırlar
Mənzil bazarında aktual olan mövzulardan biri də son vaxtlar evlərin qiymətinin daha da bahalaşmasıdır.

Adətən evlərin bahalaşmasını mövsümlə, tikinti bazarındakı qiymət artımı ilə, tikinti qaydalarının dəyişməsi ilə əlaqələndirirlər. Artıq daşınmaz əmlak bazarında mövcud qiymətlər o həddə çatıb ki, vətəndaşlar bunun digər səbəbini də tapmağa çalışırlar.

Beləliklə, evlərin baha olmasının bir səbəbkarı kimi də ev alqı-satqısında iştirak edən rieltorlar (“makler”lər) hesab edilir. Hamıya məlumdur ki, rieltorlar ev alqı-satqısı zamanı özləri də qazanc əldə etmək məqsədilə satışda olan mənzilin qiymətini daha da artırırlar.

Bu isə həm vətəndaşın cibinə ziyan edir, həm də baha olduğu üçün həmin evin gec satılmasına gətirib çıxarır. Bəs vətəndaşlar mövcud problemlərlə bağlı hansı addımı atmalıdır və rieltorlar bazarı necə tənzimlənəcək?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc “Cümhuriyət”-ə bildirib ki, bütün rieltorları bu məsələdə günahlandırmaq olmaz:

“Çünki öz peşəsini şərəflə, məsuliyyətlə, vicdanla yerinə yetirən rieltorlarımız da mövcuddur. Ancaq təəssüflər olsun ki, bütün peşələrdə olduğu kimi rieltor peşəsində də bu cür hallara təsadüf olunur. Bəzi rieltorlar bir neçə aylıq gəlirini bir evin satılmasından qazanmaq istəyirlər.

Onlar ev sahibinə bildirirlər ki, əgər ev 100 min manatdırsa, bu evi öz fərdi peşə bacarığı və təcrübəsinə əsaslanaraq 120 minə bazarda sata bilər. Təbii ki, bu cür hallar baş verir. Bundan sonra tendensiya yaranır və bu hallar artmağa başlayır. Əgər dəyərindən artıq satılırsa, yaxınlıqda yerləşən digər mənzillər də o qiymətə əsaslanaraq bahalaşmağa start verirlər. Nəticədə həmin ərazidə qiymətlərin yüksəlməsi, eyni zamanda qiymətlərin “domino” effekti ilə digər ərazilərə transferi ilə qarşılaşırıq”.

O bildirib ki, bu cür halların olmaması üçün vətəndaşlarımıza məhz rieltor şirkətləri, vicdanlı rieltorlarla işləməyi, əgər bu mümkün deyilsə, özlərinin birbaşa bazara müraciət etmələri tövsiyə olunur:

“Çünki əgər vətəndaş öz yaşadığı və yaxud satdığı mənzilin qiymətini müəyyən etməkdə çətinlik çəkirsə, bu istiqamətdə qiymətləndirmə şirkətlərinə müraciət edə bilər. Ondan sonra həmin qiymətə uyğun şəkildə onun əmlakı bazara təklif edilir. Yəni dünya praktikası bunu tələb edir.

Çünki vətəndaşların 90 faizi öz yaşadığı və ya satdığı evlər barədə dəqiq, aydın təsəvvürə malik deyil. Ola da bilməzlər. Çünki ölkədə hamı daşınmaz əmlak bazarının və orada gedən prosesləri bilməyə məcbur deyil.

Bu işin öz peşəkarları, mütəxəssisləri var. Onlara müraciət olunmalıdır.

Bu, qonşu dövlətlərdə, beynəlxalq təcrübədə rast gəlinən və tez-tez qarşılaşılan bir məsələdir. Sözügedən dövlətlərdə kimsə öz evini bazara çıxarmaq istəyirsə, hər hansı bir şirkətlə anlaşır, şirkətə müəyyən məbləğ, faiz ödəyir.

Ondan sonra həmin şirkət sözügedən evin bazara çıxarılmasını təmin edir.

Ancaq təbii ki, bunu bazar qiymətlərinə uyğun şəkildə və real qiymətlərə əsaslanaraq bunu həyata keçirir. Bu baxımdan bütün istiqamətlərdə olduğu kimi burada da vətəndaşlarımızı sayıq olmağa dəvət edirəm. Çünki onlar son nəticədə heç bir mənfəət əldə etmirlər.

Onsuz da evi bazara özləri, yaxud rieltor şirkəti də təklif etsə 100 min manata satırlar. Sadəcə burada bəzi işbazların 5-10, bəzən daha çox faiz qazanc əldə etməsinə səbəb olurlar. Bu da son nəticədə ümumi bir ictimai təhlükə ilə yekunlaşır və qiymətlərin artımına rəvac verir”.

Sədr bildirib ki, bunun ən doğru yolu rieltor bazarının tənzimlənməsidir:

“2022-ci ildə mən qiymətləndirmə sektorunun tənzimlənməsi təklifi ilə çıxış etmişdim. Rieltorların fəaliyyəti tənzimlənməlidir və onlar da dövlətə vergi verməlidirlər. Çünki rieltorların mütləq əksəriyyəti vergi vermir. Bu fəaliyyət rəsmi fəaliyyət kimi dövlət tərəfindən qeydiyyata alınmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.