Bizim neftə əvvəlki qədər ehtiyac duyulmaması çox kədərlidir
20-08-2024, 10:45
Azərbaycanın neft ixracı azalır. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər bunu əminliklə deməyə imkan verir. Yanvar-iyul aylarında xaricə 14,7 milyon ton neft satmışıq. Məsələn, keçən il satış təxminən 15 faiz çox olmuşdu. 2023-cü ildə avqustun sonuna qədər ixracat 18,5 milyon tonu keçmişdi. Bu il belə göstərici gözlənilmir.
Bizimyol.info xəbər verir ki, hələlik neft ixracından gəlir 10 milyard dollara çatmır. Ümumilikdə ölkəyə 9 milyard 226 milyon dollar vəsait gətirə bilmişik. Qiymətlərin az-çox sabit görünməsi bu mənada böyük geriləməyə imkan verməyib.
Keçən il olduğu kimi, bu il də ixrac olunan neftin böyük hissəsi İtaliyaya gedib. Ümumilikdə 14,7 milyon ton məhsulun 5 milyon 671 min tonu Avropanın cənub ölkəsinə göndərilib. Demək olar, həmişə belə olub. Azərbaycan ixrac olunan neftin böyük hissəsini İtaliyaya yollayır.
Yenə İsrail ikinci yerdədir. Bura göndərilən məhsulun həcminin bir az artdığını görmək olur. Sonrakı yerləri Çexiya, Hindistan, Xorvatiya, Portuqaliya, Böyük Britaniya, Almaniya və Tailand tutur. Türkiyə 12-ci yerdədir. Ən azı 100 min ton neft satdığımız ölkələrin sayı 18-dir. Maraqlıdır ki, uzaq Uruqvaya da neft satırıq.
Siyahıda Ukrayna gözə dəymir. Müharibəyə qədər postsovet ölkəsi əsas müştərilərdən idi. İspaniya isə daha əvvəlki qədər bizim neftə ehtiyac duymur. Keçən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə azalma var.
Bizim neftə əvvəlki qədər ehtiyac duyulmaması çox kədərlidir. Yaxşı ki, Avropa ölkələrinin bir çoxu müştəri simasını qoruyur. Yoxsa ölkə iqtisadiyyatı üçün daha ağır olardı. Ümumilikdə, hadisələrin gedişi nikbinliyə əsas vermir. Neft gəlirləri bir neçə il əvvəlki qədər yüksək deyil. Dəfələrlə aşağı rəqəmlərin ortada dolaşacağı günlər olacaq. Onda xeyli çətin dövrə qədəm qoyacağıq.