"Əhalinin ziyanını kompensasiya edin" - ÇAĞIRIŞ
20-08-2024, 16:09

Bir neçə gün öncə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işləri apardığından, paytaxtın bir çox rayon və qəsəbələrində içməli suyun fəaliyyəti dayandırılmışdı. İki gün öncə kəmərin bərpası barədə Təchizat Xidməti rəsmi "facebook" səhifəsində təmir işlərinin başa çatması istiqamətində məlumat paylaşsa da, bu gün qurum yenidən məlumat paylaşaraq bildirib ki, Oğuz-Qəbələ-Bakı kəmərində yenə qəza baş verib: "Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Xətai, Nizami, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq. Narahatlığa görə abonentlərdən üzr istəyirik" - deyə, qurum rəsmi açıqlamasında qeyd edib.
Günlərdir təmirində problemlər yaşanan kəmərlə bağlı qurumun istifadəçilərdən üzrxahlıq etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: "...3-4 gün qabaq heç bir xəbərdarlıq etmədən suyu bağladınız təmir adı ilə, paylaşımda yazdınız ki, suyun verilmə rejimində dəyişiklik olacaq, amma dörd gün ərzində bir qram belə su vermədiniz. Belə dəyişiklik olur? Birbaşa deyin ki, 4 gün su olmayacaq, camaat da bir çarə qılsın başına. İndi də təmirdən bir həftə keçməmiş eyni xəttə qəza olub. Üzr istəmək lazım deyil. Kompensasiya etmək lazımdır əhalinin düşdüyü ziyanı" - deyə, Asim Nehmətli qurumun açıqlamasına verdiyi reaksiyada bildirir.
Nicat Qaçaylı adlı sosial şəbəkə istifadəçisi Təchizat Xidmətində gərəkli yoxlamaların başlanmasını zəruri hesab edir: "Düşünürəm ki, Azərsuda geniş miqyaslı yoxlama aparmağın vaxtıdır. Müvafiq qurumların diqqəti bu məsələyə cəlb olunmalıdır".
Məlumat üçün qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin təmir prosesi qurumun bildirdiyinə görə avqust ayının 12-dən 16-dək davam etmişdi. Ancaq bir gün sonra həmin xəttə yenidən qəza baş verib və təmir işləri avqust ayının 21-nə kimi uzadılıb.
P.S. Maraqlı məqam isə ondadır ki, hər an baş verə biləcək qəzalar zamanı Bakını alternativ su mənbələri ilə təmin edə biləcək su kəmərləri bu illər ərzində çəkilməyib. Beş gün təmiri davam edib, cəmi iki gün su xidməti göstərə bilən qurumun bu fəaliyyəti heç də ağlabatan görsənmir.
Mətin Şükürlü, Bizimyol.info