"Sən bilirsənmi benzindən baha bir şeyə toxunmusan"...
21-08-2024, 10:34
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Monidigah kəndində fəaliyyət göstərən “Şəfa” MMC-yə məxsus su istehsalı müəssisəsində yoxlama həyata keçirilib. Yoxlama zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
İçdiyimiz sulara nə qədər güvənə bilərik?
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, su təbiətin və Allahın möcüzəsidir.
“Su həyatda yeganə materiadır ki, 3 aqreqat halda olur. Maye, qaz, kristal halında. Su yeganə materiadır ki, bütün materiallar istidən genişlənir, soyuqda sıxılır, hər iki halda genişlənir. Su yeganə materiadır ki, rəngi yox, qoxusu yox, dadı yox... Mən Dünya Su Konqresinin iştirakçısı olmuşam. Marseldə suyun bir daha ilahiliyini dərk etmişəm. Elm hələ sübut etməyib ki, hansı orqanizmə, hansı DNK quruluşuna hansı su lazımdır. Bir növ su bir ailənin beş üzvündən 3-ü üçün uyğun olar, qalanı üçün uyğun olmaz. Ona görə də, mən həmişə deyirəm ki, suyu dəyişin için, daim eyni su içməyin”-deyə ekspert qeyd edib.
Eyyub Hüseynovun sözlərinə görə, i“Azad İstehlakçılar” Birliyinə içməli su ilə bağlı hər gün 3-4 telefon zəngi daxil olur. Ekspertin fikrincə, heç kəs deyə bilməz ki, evlərə xüsusən bidonlarda gətirilən suyun hansı hissəsi krandan doldurulub və hansı hissəsi təmizlənib.
Eyyub Hüseynov deyir ki, su filtirçiləri bu vəziyyətdən istifadə edərək əhalini aldadır və bu sahədə böyük qarmaşıqlıq var.
“AQTA bir neçə ay əvvəl suyun etiketi ilə mənbəyi barədə məsələləri araşdırdı. Etiketlərdə istehlakçını aldadan məlumatlar var idi. Əmtəə bazarında, dükanlarda 1 litri 9 manata olan su da var, 1 litri 40 qəpiyə olan su da var. Təbiətin bu möcüzəsindən su satanlar da sui-istifadə edirlər.
Mən 8 il öncə 12 su barədə primitiv ekspertiza elədim. 3 yerdən məhkəməyə verildim. Mənə bir adam zəng vurdu dedi ki, “sən bilirsənmi benzindən baha bir şeyə toxunmusan, sən bilirsənmi su zarafat iş deyil” və s. Düzdür, məhkəmə iddialarını geri götürdülər. Çünki istehlakçı təşkilatı ilə heç biri istəmir məhkəmədə qarşı-qarşıya gəlsin. Yəni bu məsələ çox pis bir vəziyyətdədir. Əhalinin aldadılması baş verir”-deyə ekspert qeyd edib.
Eyyub Hüseynov vurğulayıb ki, orqanizmimizin 75% sudur. Qidamızın, xəstəliyimizin də 75 %-ni elə suda axtarmalıyıq.
Ekspertin fikrincə, yer üzündə hər yerdə bu problem yaşanır.
“Vətəndaşlara tövsiyə edirəm suyu qarışıq için, dəyişin için, çox için və eyni bir suyun üzərində çox dayanmayın”-deyə Eyyub Hüseynov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info