Banklarla bağlı narahatlıq: Nə baş verir?
21-08-2024, 10:45
“AFB Bank”ın bu ilin birinci yarısında depozitlərinin həcmi 141 milyon 670 min manat təşkil edib.
Bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 15,8 % və ya 26 milyon 586 min manat azdır.
2023-cü ilin sonunda bankın depozitlərinin həcmi 168 milyon 256 min manat olub.
Hesabat dövründə “AFB Bank”ın fiziki şəxslərin depozitlərinin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 2,9 və ya 2 milyon 144 min manat azalaraq 71 milyon 101 min manata enib.
Ötən ilin sonunda bankda fiziki şəxslərin depozitlərinin həcmi 73 milyon 245 min manat olub. Bankda hüquqi şəxslərin depozitlərinin həcmi 70 milyon 569 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 25,7 % və ya 24 milyon 441 min manat azdır.
2023-cü ilin sonunda “AFB Bank”da hüquqi şəxslərin depozitlərinin həcmi 95 milyon 10 min manat təşkil edib.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır.
Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb.
Səhmlərin 99,64 %-i "Gilan" MMC-yə, 0,18 %-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.
Bildirək ki, bir müddət öncə digər bankla da bağlı oxşar məlumat yayılmışdı. Belə ki, əhali 2024-cü ilin ilk yarısında “Access Bank”dan 9,9 milyon manat, şirkətlər isə 12,28 milyon manat depoziti geri çəkib.
Hazırda isə “AFB Bank”da da depozitlər azalır.
Banklarda baş verən bu proseslər nəyin göstəricisidir və ilin sonunadək fəaliyyəti zəifləyən hansısa bank bağlana bilərmi?
İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, ümumilikdə banklarda depozitlər azalmayıb, bir bankda azalır, digərində çoxalır:
“Müştərilər bir bankdan depozitini çıxarıb digər banka qoya bilərlər.
Bütövlükdə bankın depozitlərinin azalması yaxşı hal deyil. Yəni bu o deməkdir ki, ona az etibar edirlər. Ancaq bu o demək deyil ki, həmin bank bağlanır.
Bank o halda bağlanır ki, götürdüyü depozitləri qaytara bilmir. Yəni depoziti götürür, kredit verir, kredit qayıtmır və depozitləri qaytara bilmir, müflisləşir. Mərkəzi Bankın 50 milyon kapital tələbi var.
Ola bilər ki, bankın depozitləri azalıb, ancaq qeyd edilən digər sahələrdə heç bir pozuntu yoxdur. Depoziti azalıbsa, mailyyəsi də azalıb, ancaq bank kimi fəaliyyətini davam etdirir.
Bu o deməkdir ki, bankın fəaliyyətində müəyyən problemlər, zəifləmələr var, mütləq bağlanmalıdır. İlin sonuna kimi ümumilikdə bankların fəaliyyətində mənfiyə doğru nəsə gözləmirəm. Böyük ehtimalla bu il heç bir bankın bağlanması gözlənilmir”.