Doxsan faiz günah qadınlardadır, özünə yığışmalıdırlar - Sosioloqdan qalmaqallı açıqlama

21-08-2024, 18:09           
Doxsan faiz günah qadınlardadır, özünə yığışmalıdırlar -
Xəbər verdiyimiz kimi, avqustun 20-də Mingəçevirdə 1979-cu il təvəllüdlü Natella Tapdıq qızı Çıraqova 2003-cü il təvəllüdlü oğlu Rəşad Xalid oğlu Çıraqov tərəfindən qətlə yetirilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci “qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.
Bildirilir ki, hadisə qısqanclıq zəminində baş verib. N.Çıraqova ərindən boşanıbmış.

Qeyd edək ki, son illər belə hadisələr tez-tez yaşanır. Qadınlar əri, oğlu, qaynı və b. tərəfindən qətlə yetirilir. Bəs, ailə münaqişələrinin bu cür faciəvi sonluqla bitməməsi üçün nə etmək, hansı tədbirlər görmək lazımdır?
Mövzu ilə bağlı Bakupost.az -a danışan sosioloq Elçin Bayramov övladın anasını qətlə yetirməsi hadisənin bütün dövrlərdə olduğunu, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin namus, qeyrət, əxlaq üzərində qurulduğunu bildirib.
Sosioloq belə cinayətlərin adətən, qısqanclıq zəminində baş verdiyini deyib:
“Bir insanı anasını öldürməyə yalnız iki səbəb məcbur edə bilər. Bunlardan biri psixi xəstəlik, ikincisi isə əxalaqsızlıq motivi ola bilər. Hadisənin baş verməsi bizim köklərdən gələn dəyərlər sistemimizə elə bağlıdır ki, bunu hər hansı bir maariflənmə və inkişafla əlaqəndirib aradan qaldırmaq mümkün olmayacaq. Çünki Azərbaycan kişisi üçün həyatda ən böyük dəyər onun namusudur”.
E.Bayramov namus cinayətlərinə səbəb kimi bir çox qadınların "demokratikləş"məsini göstərib:
“Ona görə də qadınlar özünə yığışmalıdırlar. Ərlərinə, övladlarına hörmət etməlidir. Azərbaycanda indiyə qədər bu qədər əxlaqsızlıq yayılmamışdı. Bu, namus cinayətlərinin artmasına səbəb olur. Demək ki, cəmiyyətimizdə qadınlarla bağlı problemlər artır. Günahın isə doxsan faizi qadınlardadır. Heç bir kişi həyat yoldaşını, oğul isə öz anasını durduğu yerdə qətlə yetirməz. Demək ki, ciddi səbəb var. Sən qadın olaraq ərini və oğlunu təhqir edə bilməzsən”.
E.Bayramov son otuz ildə müasirləşmək adı altında aparılan təbliğatın insanlarda düşüncə və həyat normalarını dəyişdirdiyini deyib:
“Bu artıq faciə həddindədir. Cəmiyyət və dövlət bu halların qarşısını almaq üçün konkret və effektli tədbirlər görməlidir. Çox təəssüf ki, bizdə namus cinayətlərində güzəşt edilmir, xəyanətə görə ciddi cəza verilmir. Amma səbəbi aradan qaldırmaqla bağlı heç nə düşünülmür. Biz milli-mənəvi dəyərlərimizə dönməliyik. Qanunlarımız da buna söykənməlidir”.

Bakupost.az -a açıqlamasında psixoloq Zeynəb Əyyubova isə belə hadisələrin Azərbaycanda oğlan uşaqlarının düzgün tərbiyə olunmamasından irəli gəldiyini bildirib.
Onun sözlərinə görə, belə övladlar anayla rəftarda düzgün münasibət qura bilmirlər:
“Bunun da ən başlıca səbəbi "sən evin kişisisən, qeyrətisən" kimi sözlərdir. Bu cür cümlələr qurmaqla uşağın üzərinə erkən yaşlarından lazımsız yük qoyulur. Uşaq bir növ özünü anasının oğlu kimi deyil, həyat yoldaşı kimi aparır. Nəticədə saxta qeyrət, namus anlayışı, "insanlar nə deyər", "camaat nə düşünər" kimi stereotiplərə görə belə faciəli hadisələrin şahidi oluruq.
Qız uşaqlarımıza daim deyirik ki, qardaşın sənin böyüyündür, qeyrətini çəkir və s. Uşaqlar bu düşüncə ilə böyüyür və sonra belə hadisələr baş verir. Bu istiqamətdə maariflənmə işləri aparılmalı və uşaqlar düzgün tərbiyə olunmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.