Yayda "od tutub yanan" mövsüm məhsulları...
22-08-2024, 09:04
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin nəbzini tutmaq fikrində deyil
Bu il qış kənd təsərrüfatı üçün əlverişli keçsə də, yaz və yay ayları haqqında bu fikri söyləyə bilmirik. Bazarlarda mövsüm məhsuları - meyvə-tərəvəz qiymətləri kəllə-çarxa qalxıb, şəhər əhalisi əlindəki pulla heç bir ehtiyacını ödəyə bilmir. Bütün media məkanı bu suala cavab axtarır - yayın cırhacırında pomidor niyə istixana pomidorunun qiymətinə satılır? Mən sözgəlişi "pomidor" yazdım, əslində əksər bostan tərəvəz bitkilərinin qiyməti bazarda kifayət qədər bahadır. Gəlin, əvvəlcə bu bahalaşmanın səbəbləri barədə məlumat verək. Bütün ölkə əhalisi şahiddir ki, bu il nə normal yaz, nə də yay fəsli izlənilmədi. Hava şəraiti dəyişkən, yağışlı, hətta, əksər hallarda dolu, külək və sel kimi təbiət hadisələri ilə müşaiyət edilirdi. Bəllidir ki, kənd təsərrüfatı məhsullarının kütləvi yetişməsi üçün birinci şərt havanın temperaturunun yüksəl olmasıdır. Bakının asfaltlı küçələrində istini nə qədər sevməsək də, bu yüksək temperatur məhsul bolluğunun rəhnidir. Lakin bu cür hava şəraitində temperatur aşağı düşür və bu da məhsulun inkişafını və yetişməsini ləngidir. Nəticədə kütləvi yetişmə halı baş verə bilmir. Bunu qıtlıq səbəblərindən biri saymaq olar. Digər səbəb dolu və küləyin təsirləridir. Dolu və külək bitkinin üstündəki barı döyərək zədələyir, bəzi hallarda isə bitkinin gövdəsini sındırır. Nəticədə bitki barının bir hissəsi yetişməmiş sıradan çıxır ki, bu da məhsuldarlığın azalmasına gətirib çıxarır.
Bütün bunlarla yanaşı, ardıcıl yağan yağışlar məhsul yığımını və tədarükünü əngəlləyir. Kənd təsərrüfatı məhsulları şumlanmış tarlalarda yetişdiyindən yağış yağanda məhsul yığımı mümkün olmur. Ona görə də yağışlı havalardan dərhal sonra bazarda məhsulların qiyməti yüksəlir.
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq bu ilki kənd təsərrüfatı ilini fors-major il kimi xarakterizə etmək olar. Bəs belə fors-major şəraitdə ölkə əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün nələr etmək olardı, inkişaf etmiş ölkələrdə belə şəraitdə hansı addımlar atılır və Azərbaycan hökuməti bu təcrübələrdən necə yararlana bildi?
Dünyanın inkişaf etmiş ölkələrində belə şərait yarandıqda ilk növbədə ölkənin daxili potensialından maksimum istifadə etmək məqsədilə addımlar atılır. Bu hər bir ölkə üçün xarakterik addımlar olur, lakin məqsəd birdir - potensialdan maksimum istifadə. Azərbaycanda bunun üçün fermerlərin birbaşa böyük şəhərlərin bir neçə bazarına sərbəst giriş imkanı yaradılmalı idi ki, istehsalı az olan məhsul əldən ələ keçmədən, operativ şəkildə son istifadəçiyə çatdırıla bilsin. Bu məqsədlər üçün fermerlərin yol pulunu qarşılamaq üçün operativ subsidiyalar da verilə bilərdi. Məsələn, geniş bostan və tərəvəz sahələri olan fermerləri tapıb, onların məhsulunu təsdiqləyərək yerindəcə yol xərci subsidiyaları verilə bilərdi. Lakin çox təəssüflər olsun ki, biz bunun şahidi olmadıq.
Bununla yanaşı, ölkə daxilində ən çox ehtiyac duyulan, çatışmazlığı hiss edilən kənd təsərrüfatı məhsullarının idxal rüsumları ləvğ edilə bilərdi ki, ölkə daxilində azalan istehsalı idxal hesabına kompensasiya etmək mümkün olsun.
Daha bir operativ tədbir o ola bilərdi ki, hava şəraitinin əlverişsiz keçməsi ilə əlaqədar olaraq bitkiçilikdə sürətlənən xəstəliklərin aşkarlanması və aradan qaldırılması üçün fermerlərə aqrotexniki maarifləndirmə vasitəsi ilə dəstək verilsin. Lakin Kənd Təsərrüfatı Nazirliyinin 52 rayonda yerləşən idarələrindən heç biri fermerlərə belə bir dəstəyin verilməsinə cəhd belə göstərmədilər.
Ümumiyyətlə, bu il Azərbaycanda kənd təsərrüfatı ili fors-major ili kimi xarakterizə edilsə də, AR Kənd Təsərrüfatı Nazirliyi adi rejimdə çalışdı, heç bir qabaqlayıcı tədbir görmədı, bununla bağlı hökumətə heç bir təklif vermədi. Bu o deməkdir ki, AR Kənd Təsərrüfatı Nazirliyi (KTN) hələ bu mövsüm ilinin digərlərindən fərqini anlamayıb, baş verənlərın fərqində deyil. Ona görə fərqində deyillər ki, KTN-də aqrar sahənin müxtəlif sektorlarının mütəxəssisləri demək olar ki, yoxdür. Şəxsı söhbətlərimiz zamanı nazirliyin işini bilən azsaylı mütəxəssisləri gileylənir ki, hər hansı bir səmərəliləşdirici təkliflərdə bulunan mütəxəssislər nazirliyin kluarlarında lağa qoyulur, ələ salınır. Nazirlikdə yalnız korrupsiya mənbələrini göstərən, axtarıb tapan "mütəxəssislər" təqdir edilir və mükafatlandırılır. Bu cür məlumatlar olmasa da belə, KTN-in davranışlarından da müəyyən etmək olar ki, nazirlik ölkənin aqrar sahəsinin nəbzini tutmağı bacarmır və ya heç buna cəhd də göstərmir.
Ölkədə yaz və yay aylarında demək olar ki, hər həftə yağış və dolu yağır, güclü küləklər əsir, sel keçirdi, amma buna baxmayaraq KTN adi iş rejimində işləyirdi. Yenə Bakıda əksəriyyəti idxal məhsulları olan "Kənddən şəhərə" yarmarkaları keçirir və qiymətləri müşahidə etməklə kifayətlənir. Bu faktlar göstərir ki, KTN işləmir. Bunun səbəblərini isə hökumət başçısı araşdırmalı, səbəblərini tapmalı və problemləri aradan qaldırmalıdır. Bu il sərgilənən biganəliyə qarşı tədbir görülməyəcəksə, növbəti illərdə gözlənilən eyni şərait qarşısında biz aciz durumda qalacağıq. Biz sığortalı deyilik ki, gələn il də eyni problemlərlə üzləşməyəcəyik. Müasir iqlim dəyişiklikləri hər cür ətraf mühit problemləri yaratmağa qadirdir. Bu problemlərə qarşı mübarizə aparmaq üçün isə ölkənin Kənd Təsərrüfatı Nazirliyi çevik qərarlar qəbul etmək, operativ tədbirlər görmək imkanlarına malik mütəxəssislərlə zəngin olmalıdır. Həmin mütəxəssislər dünyanın aqrar sahədə əldə etdiyi bütün yenilikləri müfəssəl şəkildə öyrənib, ölkə daxilində tətbiq etmək imkanlarına malik olmalıdırlar. Məsələn, indi mütəxəssislər bu ilki hava şəraitinə uyğun sortların selleksiyalaşdırılması ilə məşğul olmalıdır ki, gələn il fermerlər məhz həmin sortlardan əkmək imkanına malik olsunlar. Bunun kimi çox müxtəlif istiqamətdə tədbirlər görülməlidir. Amma bizim Kənd Təsərrüfatı Nazirliyində bu istiqamətdə heç bir təşəbbüs yoxdur.
Akif Nəsirli