“Briliant” ləqəbli bələdiyyə sədri: Siyanfər Əliyevin parıltısı həmişəlik sönə bilər
15-09-2016, 00:03
Masazırın bələdiyyə sədri Siyanfər Əliyevin çoxlu sayda daşınmaz əmlaka, ev və obyektlərə, hektarlarla torpaq sahəsinə malik olduğundan bəhs etmişdik. Ötən gün özəl mənbədən cumhuriyyet.az-a daha bir maraqlı informasiya daxil olub. Bilgili qaynağın verdiyi məlumata görə, S.Əliyevin Masazır ərazisində sahib olduğu obyektlərdən biri də “Briliant” şadlıq sarayıdır. Hansı ki, bu şadlıq sarayı Masazırın ən böyük şadlıq evi hesab edilir.
“Briliant” şadlıq sarayının S.Əliyev tərəfindən bir neçə il bundan öncə tikdirildiyinə diqqət çəkən mənbə, cumhuriyyet.az-a bildirib ki, bu hadisədən sonra sadə vətəndaşlar arasında bələdiyyə sədrinin “briliant” ləqəbi ilə məşhurlaşmağa başladığını bildirib. Lakin mənbə hesab edir ki, son günlər sabiq MTN generalı Akif Çovdarovun məsələsi ilə bağlı prokurorluq orqanlarının diqqət mərkəzinə düşən “briliant” ləqəbli bələdiyyə sədrinin parıltısı həmişəlik sönə bilər. Buna səbəb A.Çovdarovun hektarlarla torpaq sahəsinə, böyük istixana təsərrüfatına malik olduğu Masazır ərazisinin sabiq MTN generalı tərəfindən “işğalı”nda S.Əliyevin bələdiyyə sədri kimi üzərinə düşən məsuliyyətdir. Belə ki, A.Çovdarov tərəfindən həyata keçirilən “zəbtetmə əməliyyatı”ndan xəbərdar olan S.Əliyevin bələdiyyə sədri kimi öz tutduğu vəzifədən MTN generalının xeyrinə istifadə etdiyi ehtima edilir. Əgər güc orqanları bu ehtimalın doğruluğunu təsdiqləyərsə, o zaman çətin ki, S.Əliyevə tikdirdiyi “briliant”ın üzünü bir də görmək qismət olsun.
teref.az olraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!