3 övladı olan ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində sosial müavinət VERİLSİN

10-09-2024, 07:24           
3 övladı olan ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində sosial müavinət VERİLSİN
Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələrin 1 uşaqlı sistemə keçməsi arıtq bir çox sosioloqları dərindən narahat edir və bununla bağlı ciddi xəbərdarlıq edirlər. Dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra yardımlar və imtiyazlar hazırlamalıdır. Həmin ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi ölkəmizin inkişafı deməkdir.

Bəs Azərbaycanda çoxuşaqlı ailələrə yardım məqsədilə hər uşağa görə 100 manat məbləğində sosial müavinət verilə bilərmi? Mövzunu Sonxeber.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu gün ölkəmizdə çoxuşaqlı ailə modeli təbliğ olunmalı və onlara ayrıca sosial müavinət təyin edilməlidir?

"Mən uzun illərdir ki, həmişə üç uşaqlı ailə modelini təbliğ etmişəm. Ailədə bir yaxud iki uşaq olanda ölkədə əhali azalır. Fakt odur ki, bu gün ailələr bir yaxud iki uşağa üstünlük verirlər. Hələ bizdə boşanmaların sayı çoxdur və dünya liderliyindəyik. Ailədə üç uşaq olanda ölkədə əhali artımı normal olur. Dövlət bununla bağlı addımlar atmalıdır. İlk növbədə üç uşağı olan ailələrə ayrıca sosial müavinət verilməlidir. 4-5 uşağı olan ailələrin isə təbliğatını aparmalıyıq".

Sosioloq bildirib ki, uşaqların sayı onların yetişdirilmə tərzinə təsir etməməlidir:

"Ən azından çoxuşaqlı ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində yardımlar edilməlidir. 4-5 uşağı olan ailələrə mükafat və fəxri adlar verilə bilər. Bu gün dövlətimiz həmin ailələrə maddi və mənəvi dəstək göstərməklə yanında olmalıdır. Bu gün çoxuşaqlı modeli təbliğ olunmasa, yardımlar və müavinətlər verilməsə əhali arasında qocalma sürətlənəcək. Əhalinin sayının azalması isə demoqrafik vəziyyətin pozulmasına gətirib çıxaracaq. Bir sosioloq kimi məsləhət görürəm ki, bu məsələ daim diqqət mərkəzində saxlanılsın. Eyni zamanda yeni ailə quran cütlüklərə dövlət dəstəyinin edilməsinə ehtiyac var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.