160 yeni elektrik mühərrikli avtobus nə vaxt xəttə çıxacaq?
2-10-2024, 17:57
Mobilliyi təkmilləşdirmək üçün icrasına başlanılmış mobilliyin transformasiyası proqramı çərçivəsində əhatəli, dayanıqlı nəqliyyat sisteminin qurulmasına diqqət yetirilir.
Gələn ay Bakıda 160 yeni elektrik mühərrikli avtobusun istifadəyə verilməsi başlanğıcdır və növbəti illərdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Sputnik Azərbaycan xəbər verir, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" növzusunda dəyirmi masada bildirib.
O bildirib ki, mobilliyi təkmilləşdirmək üçün icrasına başlanılmış mobilliyin transformasiyası proqramı çərçivəsində əhatəli, dayanıqlı nəqliyyat sisteminin qurulmasına diqqət yetirilir: "Ən iddialı layihələrdən biri ictimai nəqliyyatın elektrikləşdirilməsidir. Biz ekoloji davamlılığı artırmaq üçün rəqəmsal həlləri nəqliyyat marşrutlarına inteqrasiya etmək yollarını araşdırırıq. Bu yolla tranzit müddətləri qısalacaq və istixana qazı emissiyaları azalacaq. Milli səviyyədə nəqliyyat sektorunda islahatlar aparırıq, nəqliyyat sıxlığını aradan qaldırırıq, yol təhlükəsizliyini yaxşılaşdırır və ətraf mühitə təsirləri azaldırıq".