Müəllimlərin maaşı bu bu tarixdən artacaq - AÇIQLAMA
8-10-2024, 17:02
Son günlər sosial mediada ən çox müzakirə olunan mövzulardan biri müəllimlərin maaşlarının artması ilə bağlıdır. Belə ki, müəllimlər maaşlarının nə vaxt artacağını öyrənmək istəyir.
Bəs görəsən müəllimlərin maaşı nə vaxt artacaq?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Mətanət Məmmədova bildirib ki, növbəti ildən müəllimlərin maaşı arta bilər:
"Müəllimlərin əmək haqqı nə qədər yüksək olarsa, onların rifah halı bir o qədər yüksəlmiş, həyat şəraiti yaxşılaşmış olar. Bu, onların fəaliyyət keyfiyyətinə də təsirsiz qalmaz. Məhz elə buna görə də dövlətimiz müəllimlərin rifah halını daim nəzarətdə saxlayır. Ölkədə artıq bir neçə dəfə müəllimlərin əmək haqqı artırılıb. Bundan əlavə, müəllimlər sertifikasiya imtahanı verib yüksək nəticə əldə etməklə də əmək haqları artırılır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" Fərmanının icrası olaraq dövlət ümumi təhsil müəssisələrinin direktor, direktor müavinlərinin və sertifikatlaşdırılmadan keçən təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilib. Bu məqsəd üçün 2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.
Düşünürəm ki, müəllimlərin əməkhaqqı sistemi xüsusi qaydada hazırlanıb və artıq bu prosesin ötən illərdə uğurlu nəticələrinin də şahidi olmuşuq. Yeni ildən minimum əmək haqlarının artırılması gözlənilir. Söz yox ki, bu, işləyən hər bir ölkə vətəndaşı kimi, müəllimlərin də əmək haqqına təsir edəcək. Onların əmək haqqının ayrıca artırılacağı ilə bağlı isə bir söz demək olmur. Çünki yuxarıda da qeyd etdiyim kimi, müəllimlərin məvacibi ayrıca sistem şəklində təşkil olunub".