Sumqayıt sakini maaşının qanunsuz olaraq kəsildiyini iddia edir - ŞİKAYƏT

11-10-2024, 09:34           
Sumqayıt sakini maaşının qanunsuz olaraq kəsildiyini iddia edir - ŞİKAYƏT
Sumqayıt şəhəri, Nizami küçəsi 6-cı məhəllə 19 C sakini Şərifov Ceyhun Şahsuvar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, pensiyasından qanunsuz olaraq 14 manat kəsilib:

“Mən, 39 saylı Texniki Peşə Məktəbində, indiki şəhid Quliyev Ələmdar Şahmalı oğlu adına olan 1 saylı peşə liseyində istehsalat təlimi ustası işləmişəm. 1988-ci ildə həmin məktəbdə iş zamanı əmək xəsarəti almışam. Sol əlimin 3 barmağı amputasiya olunub. Həmin akta əsasən 1998-ci ildə Sumqayıt şəhəri 7 saylı Həkim Eksper Komissiyası əmək haqqımın 25%-ni mənə ömürlük təqaüd müəyyənləşdirib(Onu da qeyd edim ki, 1995-ci ildən Mingəçevirdən köçüb gəlmişəm, hazırda isə Sumqayıtda yaşayıram). Həmin təqaüd 2022-ci ildə cənab prezdentimizin təhsil işçilərinin əmək haqqının 15% artırılmasıyla bağlı imzaladığı fərmana əsasən 117.50 manat olmuşdu. 2022-ci il may ayınadək belə təqaüd aldım. May ayında təqaüdümü birdən birə 14 manat azaldaraq 103.50 manat elədilər. Bu barədə yazılı surətdə Təhsil Nazirliyinə müraciət elədim. Mənə bildirdilər ki, 2022-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi fərmana görə Müəllimlərin Bilik və Bacarığının Qiymətləndirilməsi Komisiyasindan keçmədiyin üçün sənin təqaüdün 14 manat azalaraq 103.50 manat olmuşdur.
İkinci dəfə yenidən Təhsil nazirliyinə yazılı müraciət elədim ki, axı mən 1998-ci ildən işləmirəm. İkincisi də axı bizim Konstitusiyamızda deyilir ki, əgər sonradan verilmiş qərar vətəndaşın halını pisləşdirirsə həmin qərar özündən əvvəlkilərə şamil edilə bilməz. Bu səfər də mənə bildirdilər ki, guya mənə səhvən müəllim maaşı hesablanıb. 2022-ci ildə məktəbin drektoru sənədlərə baxış keçirərkən bunu müəyyənləşdirib və ondan sonra da əmək haqqım 14 manat azaldılıb. Deyirəm, bəs onda 2022-ci ilin 15% artım nəyə görə mənə hesablanmadı? Bu 14 manatı həm komissiyadan keçmədiyimə görə və səhvən müəllim maaşı hesablandığına görə özlərinin də anlaya bilmədiyi bir yazılı kağız veriblər mənə.
2022-ci ildən bu günə kimi işim qalıb məhkəmələrdə. Sumqayıt İnzibati Məhkəməsinə mütaciət elədim Nazirliyin xeyrinə qərar çıxardı. Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət elədim, o da həmin qərarı qüvvədə saxladı. Hansı hüquqşunasa da danışıram, deyirlər qərar düzgün deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən iş sənin xeyrinə həll olunmalıdır.
İndi də Azərbaycan Respublikası Ali məhkəməsinə müraciət eləmişəm. Hələ bir xəbər yoxdur.
Xahiş edirəm mənə dəymiş maddi və mənəvi ziyan ödənilsin. Öz səhvləri ucbatından mən əziyyət çəkməli deyiləm ki?!"

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.