Bakıda orta məktəb şagirdlərini ölümə aparan yol

Bu gün, 10:18           
Bakıda orta məktəb şagirdlərini ölümə aparan yol
Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Asəf Zeynallı, 75 ünvanında yerləşən 299 saylı orta məktəbin qarşısındakı yol piyadalar üçün təhlükəlidir.

Bu barədə məktəbdə təhsil alan şagirdlərin valideynləri Baku.ws-ə şikayətlərində bildiriblər.

Onların sözlərinə görə, səhər saatlarında məktəbin qarşısı keçilməz vəziyyətdə olur.

"Avtomobil səsi, eyni zamanda, tıxac dərs prosesini pozur. Dəfələrlə məktəbin qarşısında uşaqları maşın vurub. Bu barədə bütün qurumlara şikayət etmişik. Amma xeyri yoxdur", - deyə şikayətçilər bildiriblər.

Müəllimlər də mövcud vəziyyətdən gileylənirlər. Məktəbin tarix müəllimi Elçin Nəzərov bildirib ki, demək olar hər gün bu ərazidə gərginlik müşahidə olunur:

"Günün müəyyən saatlarında məktəbin qarşısında tıxac yaranır. Siqnal səsi, sürücülərin qışqırığı, ədəbsiz danışıqlar təhsil müəssisəsində tədrisə mane olur. Hətta sərnişin avtobusları yollarını dəyişərək bu ərazidən keçirlər. Bununla da, yolda vəziyyət daha da pisləşir".

Qeyd edək ki, valideynlər və məktəb müəllimləri yolun birtərəfli olmasını tələb edirlər. Əgər yol birtərəfli olarsa, vəziyyət nisbətən yaxşılaşar.

Bununla bağlı məktəb rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon Yol Polisi İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. Qurumlardan məsələ ilə bağlı bildirilib ki, araşdırmalar zamanı həqiqətən sözügedən yolun piyadalar üçün təhlükəli olduğu məlum olub. Bu səbəbdən də, yolda hərəkətin birtərəfli təmin ediləcəyi qeyd edilib.

Lakin müraciətə cavab verilməsindən 6 ay müddət keçib, hələ də problem həllini tapmayıb. Sadəcə məktəbin qarşısında piyada zolağı çəkilib, lakin həmin zolağa heç fikir verən də yoxdur. Əksinə, avtomobillər həmin zolaqda saxlanılırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.