Həm Kadrlar şöbəsinin rəisi, Həm də Həmkarlar ittifaqı təşkilatının sədri işləyən eyni şəxs işçinin əmək müqaviləsini ləğv edə bilər?
12-10-2024, 09:38
FB səhifəsində qiyabi də olsa tanıdığım bir Vəkilin belə bir maraqlı və bu gün üçün vacib olan sualına rast gəldim. İşçi ilə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrə razılıq verilməsi haqında İşəgötürənin Təqdimatını-həmin müəssisədə həm Kadrlar şöbəsinin rəisi, həm də Həmkarlar ittifaqı təşkilatının sədri işləyən eyni şəxs imzalayır.
Yəni, bir tərəfdən İşəgötürəni təmsil etməklə Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmri hazırlamaqla icraçı olan KŞ - nin rəisi, həm də həmkarlar təşkilatı sədri kimi həmin işçi ilə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə Təqdimata və Əmrə razılıq verir.
Sovet dövrünün hərbi xidmətində olanlar bu məsəli yaxşı bilir, həmin dövrdə əsgərlər arasında belə məsəl vardl: "Sam dnevalnı, sam dejurnu". Bu da təqribən ona bənzəyir.
Yəni, əmək münasibətlərində əks tərəflərin nümayəndələrindən biri olan İşəgötürənin vəzifəli şəxsi kimi: yəni, Kadrlar şöbəsinin rəisi kimi işçinin əmək müqaviləsinin ləğvi barədə Əmri hazırlayır, həm də digər tərəf olan İşçilərin Həmkarlar təşkilatının sədri kimi həmin Təqdimataın və Əmrin həyata keçməsinə razılıq verir.
Düzünü desəm, mən bu faktın olmasına rast gəlməyə təəccüblənmədim. Praktikada belə hallara çox rast gəlmişəm. İşəgötürənlərin rəhbərliyə daxil olan vəzifəli şəxslərinin - Həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərməsinə.
Praktikada mən hətta məhkəmədə də əmək müqaviləsinin ləğvi ilə əlaqədar iki Təşkilat sədrinin İşəgötürənin Etibarnaməsi əsasında İşəgötürənin nümayəndəsi kimi iştirak etdiyini də görmüşəm. Lakin, qanuna uyğun olaraq işə baxan Hakimi tərəfindən həmin Etibarnamələr qəbul edilməyib. Bu hal da bu tip kimi müəssisələrdə Həmkarlar Təşkilatı sədrini hansı səviyyədə olmasını sübut edir. Yəni, işəgötürəndən müdafiə etməli olduğu işçini deyil, işəgötürəni müdafiə edir, formal da olsa Həmkarlar təşkilatlarının hüquq və vəzifələrindən xəbərləri belə yoxdur.
Əmək Məcəlləsi və əmək qanunvericiliyi bu halları necə tənzimləyir?
«Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: Həmkarlar ittifaqlarının hüquq, vəzifə və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların qəbul etdikləri Nizamnamələri ilə müəyyən edilir.
Çox təəssüf ki, bu günə qədər rast gəldiyim Həmkarlar ittifaqları Təşkilatlarının heç bir Nizamnaməsində bu təşkilatın sədrinin və rəhbər idarə heyətinin hansı işçilərdən ibarət olduğu barədə qaydalara rast gəlməmişəm. Bəlkə də heç ehtiyac da yoxdur. Belə ki:
Həm AR-nın Əmək Məcəlləsinin, həm də «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanununun məzmun və mahiyyəti də onu təsdiq edir ki, hər bir müəssisədə İşəgötürən,o cümlədən də onun müavinləri və rəhbərliyə daxil olan vəzifəli şəxsləri, həmin müəssisədə Həmkarlar təşkilatının idarəetmə orqanına və Təşkilatın sədri vəzifəsinə seçilə bilməzlər. Aşağıdakı normativ hüquqi aktlara və əsaslara görə:
1. Əmək münasibətlərində: İşəgötürənlər və işçilər hüquqi tərəfdən bir - birinə əks tərəf kimi fəaliyyət göstərirlər. Bu tərəflər məhz bir biri qarşısında öz əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına - ictimai nəzarəti həyata keçirmək üçün rəhbərliyə daxil olan vəzifəli şəxslər - işəgötürənlərin nümayəndəli orqanlarını, digər işçilər isə öz Həmkarlar ittifaqı təşkilatını yaradırlar.
2.Əmək münasibətlərində: İşəgötürənlər və işçilər bir - birinə əks tərəf kimi fəaliyyət göstərməklə yanaşı, qanunla onları təmsil edən öz ictimai birliklərinində yarada bilərlər
3.İşçilərin: əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına - ictimai nəzarət, həmin müəssisənin Həmkarlar təşkilatı tərəfindən həyata keçirilir. Burada işçilər dedikdə daha çox rəhbərliyı daxil olmayan işçilər nəzərdə tutulur.
4. İşəgötürənlərin: əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti-işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir. Burada işəgötürənlər dedikdə, həm də rəhbərliyı daxil olan məsul vəzifəli şəxslər nəzərdə tutulur.
5. Göründüyü kimi İşəgötürənlərin və rəhbər heyətə daxil olan vəzifəli şəxslərin, işçilərin həmkarlar təşkilatından fərqli və ya əks olan nümayəndəli orqanları da vardır və bu işçilər də həmin orqanda təmsil oluna və ya yüksək vəzifəyə seçilə bilərlər.
6. Əmək Məcəlləsinin 80.1ci maddəsi: Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
7. Göründüyü kimi Əmək Məcəlləsinin 80.1ci maddəsindı də tərəf kimi İşəgötürən və Həmkarlar təşkilatını nəzərdə tutur. Bu halda isə Kadrlar şöbəsinin rəisi bir birinə əks olan hər iki tərəfin nümayəndəsi kimi çıxış edir.
Yekun olaraq və yuxarıda göstərilənləri əsas tutaraq bildirirəm ki: işəgötürənlər, onların müavinləri və digər rəhbər işçiləri - əmək kollektivini təmsil edən Həmkarlar ittifaqları təşkilatlarının idarəedici orqanlarına və ya Təşkilat sədri vəzifəsinə seçilə bilməzlər.
Azer Quliyev
TEREF