Minimum əməkhaqqı "payız"ı... - Neft-qaz gəlirləri azalan vaxtda böyük artım gözləməyə dəyməz
12-10-2024, 10:22
Noyabrın 1-də gələn il minimum əməkhaqqının nə qədər artacağının müəyyənləşməsi gözlənilir. Ölkədə məvaciblərin minimal həddinin çox aşağı olması sirr deyil. Region ölkələrindən nəzərəçarpan dərəcədə geri qalırıq. İş orasındadır ki, ölkədə işləyən kəsimin heç də hamısı 345 manat qazana bilmir. Yəni minimum əməkhaqqı ifadəsi də xeyli şübhəli dayanır. Buna baxmayaraq, məbləğin ciddi artımı ilə bağlı gözləntilər var.
Bizimyol.info xəbər verir ki, ölkədə saatlıq maaş sistemi də tətbiq oluna bilər. Bununla bağlı müzakirələr diqqət çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəticə ilə bağlı tezliklə ictimaiyyətə geniş məlumat veriləcəyini bildirir.
Azı 600 min şəxsin məvacibinin artacağı iddia olunur. Amma əsas məsələ məbləğin nə qədər artacağıdır. Çünki əhalinin sosial vəziyyəti son illər xüsusilə ağırlaşıb. Düzdür, maaşlar artırılıb, amma qiymətlərin yüksəlmə sürəti daha böyük olub. Yəni əhalinin nominal gəlirlərinin artması çox şeyi dəyişməyib. Əksinə, real gəlirlər azalıb.
Gələn il dövlət büdcəsində sosial xərclərin 14 faiz artacağı gözlənilir. Nazirlər Kabinetindən 2025-ci ildə dövlət büdcəsində sosial müdafiə və sosial təminat üçün xərclərin 4 milyard 998 milyon manat olacağı bildirilib. Yəni 607 min manat artımdan danışılır. Xüsusi qeyd olunur ki, 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərin artımı 2 milyondan çox vətəndaşa şamil ediləcək.
Əvvəlki illərin təcrübəsi böyük gözləntilərdən qaçmağı tövsiyə edir. Minimum əməkhaqqı çox artmayacaq. Ekspertlər də gözləntiləri yüksək tutmamağı məsləhət görür. Böyük ehtimalla, artım 15-20 faizdən çox olmayacaq. Bu barədə danışan məsul şəxslər inamlı təsir bağışlamır. Hiss olunur ki, gözləntiləri qarşılayacaq artım ehtimalı yoxdur.
Üstəlik, iqtisadiyyat özünün çox da yaxşı günlərini yaşamır. Neft gəlirlərinin azalması məlum idi. Təbii qaz gəlirləri də azalıb. Son günlər neftin qiyməti büdcədə nəzərdə tutulduğundan daha aşağı həddə var-gəl edirdi. Oktyabrın ilk dekadasının sonuna doğru 80 dollar həddinin keçilməsi müşahidə edilir. Amma yenə də nikbinliyə əsas yoxdur. Ölkə iqtisadiyyatı bu payız, yəqin ki, gələn ilin əvvəlində də özünə tam gəlməyəcək. Minimum əməkhaqqı da bu situasiyada çox artırıla bilməz.