EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər - Maşın var, şərait yoxdur

14-10-2024, 12:29           
 EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər - Maşın var, şərait yoxdur
Bakıda elektrik doldurma məntəqələrinin (EDM) sayı yetərincə olsa da, bölgələrdə belə məntəqələrin sayı azdır. Bölgələrdə EDM-lərin sayı az olduğundan, sürücülər yolda qalırlar. COP29 elektrik doldurma məntəqələrinin sayının artırılması üçün bir fürsətdir.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev söyləyib. O, bildirib ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerji doldurucularının idxalı əlavə dəyər vergisindən (ƏDV) azad olunsa da, sahibkarlar bu güzəştlərdən lazımınca yararlanmırlar.
Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılır. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır. Layihəyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.
Eyyub Əliyev deyir ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin uzadılması sahibkarlar üçün bir fürsətdir:
"EDM-lərin sayı çox olarsa, elektromobillərə maraq daha da artar. Ona görə də, bölgələrdə restoranlar, hotellər öz ərazilərində elektrikdoldurma məntəqələri quraşdırsalar, bu, xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olar. Çünki, bölgələrdə belə məntəqələr az olduğundan, sürücülər elektriklə işləyən avtomobillərlə rayonlara səfərə çıxmağa ehtiyat edirlər".

E. Əliyev deyir ki, COP29 ərəfəsi elektrik doldurma məntəqələrinin sayında artım müşahidə olunur. Son məlumatlara görə, Bakı şəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 elektrik doldurma məntəqələri fəaliyyət göstərir.
"COP29-a qədər ölkədə 170-177 EDM-in istifadəyə veriləcəyi nəzərdə tutulurdu. Artıq ölkəyə elektromobil gətirmək daha əlçatandır. Eyni zamanda bu avtomobillərdən daha çox istifadə edilməsi üçün, banklarda kreditin ilkin ödənişi 50 faizdən-10 faizə endirilib. Bu ilin noyabr ayına qədər 170-177 ədəd elektrik doldurma məntəqəsi istifadəyə veriləcək. Bundan sonra elektromobilə olan marağın daha da artacağı proqnazlaşdırılır", müsahibimiz bildirib.
Nəqliyyat məsələləri üzrə eskeprt Elməddin Muradlı da Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda elektriklə işləyən avtomobillərə qarşı əhəmiyyətli güzəştlər tətbiq edilib:
"Elektrik avtomobillərinin ölkəyə gətirilməsi ƏDV-dən azad olundu. Bundan sonra elektrik enerji doldurucularının idxalına da bu güzəşt şamil olundu. Təəssüf ki, bu sahəyə hələ maraq azdır. Görünür, sahibkarlar üçün bu sahə cəlbedici deyil. Ona görə də, elektrik enerji doldurucularının idxalı və quraşdırılması ilə məşğul olan şirkətlərə vergi güzəştləri də tətbiq olunmalıdır".

E.Muradlı onu da bildirib ki, tikinti şirkətlərinə də EDM-lərin quraşdırılması ilə bağlı tələb qoyulmalıdır:
"Hələki sahibkarların bu sahəyə ciddi marağı görünmür. Ona görə də, tikinti şirkətləri qarşısında elektrik enerji doldurucu məntəqələrin quraşdırılması ilə bağlı tələb qoyulmalıdır. Böyük ərazini zəbt edərək yaşıllıqları məhv edib göydələnlər ucaldan, bundan küllü məbləğdə gəlir əldə edən şirkətlər yaşayış kompleksləri ərazisində elektrik enerji doldurucu məntəqələri quraşdırmalıdır. Eyni tələblər hotel, istirahət mərkəzləri inşa edənlərə də qoyulmalıdır. Belə bir öhdəlik olduqdan sonra enerjidoldurucu məntəqələrin də sayı artacaq. Bu isə elektromobillərə marağı artıracaq".
"Azərişıq" ASC-dən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Elektrik enerjisinin nəqlinə icazənin verilməsi" xidməti artıq ASAN Xidmətə verilib. Sahibkarlar rahatlıqla müvafiq sənədləri təqdim etməklə belə məntəqələr quraşdıra bilərlər.
Bildirilib ki, cari ilin mart-may ayları ərzində paytaxt ərazisində "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, "İçərişəhər" yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq "Sea Breeze-1" yarımstansiyasında, Qala-Mərdakan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb. Həmçinin, regionlardan Qəbələdə 110/35/10 kV-luq "Hacıalılı" yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə- Zəngilan və Cəbrayıl Elektrik Şəbəkələrinin Rəqəmsal İdarəetmə mərkəzlərində, "Xocalı" və "Şuşa-1" yarımstansiyalarında, "Füzuli" Rəqəmsal Yarımstansiyasında, həmçinin "Hadrut" qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.
Qurumun məlumatına görə, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyi ölkəmizdə alternativ enerji mənbələrinin inkişafı sahəsində ciddi addımlar atılır. Enerjidoldurma məntəqlərinin gələcəkdə yaşıl enerji zonasına çevriləcək Qarabağ və Şərqi Zəngəzurda quraşdırılması bu layihələrin davamıdır.
"Məntəqələrdə alternativ enerji mənbələrindən istifadə və elektromobillərə marağın günbəgün artması ölkəmizin, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsirini göstərəcək" - "Azərişıq" əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.