Marketlərin “endirim” fırıldağı... - Müştəri təzminat tələb edər bilər?

15-10-2024, 00:09           
 Marketlərin “endirim” fırıldağı... -
Bəzən qəbzdə bir məhsul iki dəfə vurulur, almadığın məhsul siyahıya əlavə olunur.

Son vaxtlar ən çox yayılan variantlardan biri də “endirim” adı ilə edilən fırıldaqçılıqdır. Belə ki, malın qiyməti piştaxtada bir cür göstərilir, kassada isə daha baha qiymət hesablanır.

Ticarət sahəsində həm düşünülmüş, həm də illər ərzində işlənib hazırlanmış “fəndlər” var.

Nağdsız ödənişlərin geniş yayıldığı 21-ci əsrdə belə, istehlakçı (alıcı) marketlərdə aldadılma halları ilə qarşılaşır.

Maraqlıdır, müştəri bu halla qarşılaşdıqda təzminat tələb edər bilər?

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, istehlakçıların hüquqlarını təmin etmək üçün xüsusi qanun aktları var:

"İstehlakçıların hüquqları məhz “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunuda öz əksini tapır. İnzibati Xətalar Məcəlləsinə əsasən, qiymət intizamının pozulması, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə təqsirli şəxslər (sahibkar) səkkiz yüz manatdan min manatadək məbləğdə, ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə isə min yüz manatdan min altı yüz əlli manatadək cərimə edilir.

Praktikada isə belə hallar üzrə daha çox İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, protokol tətbiq olunur.

Bu maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Zərərçəkmiş şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraicət edərək, həm maddi, həm də mənəvi zərərin təzminatını tələb edə bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.