“Ölkəni cərimələr məmləkətinə çevirmək doğru deyil”

15-10-2024, 09:27           
“Ölkəni cərimələr məmləkətinə çevirmək doğru deyil”
“Taksi özü də avtobus kimi ictimai nəqliyyatdır. Biri bəlirli maşrut üzrə, digəri isə müştərinin ödənişi əsasında istədiyi istiqamətdə gedir”.

Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, taksi də avtobus zolağından istifadə etməlidir:

“Taksilərin də yolun kənarındakı avtobus zolağından istifadə etməsi mütləqdir. Vətəndaş taksi sifariş verəndə avtomobilə yolun ortasında minməli deyil. Ona görə də taksi də yolun kənarı ilə getməlidir.

Yəni taksilərin avtobus zolağından istifadə etməməsi absurddur. Bu günə qədər buna icazə verilməli idi. Onsuz da son bir il ərzində taksiləri çox sıxıblar. Yüzlərlə, minlərlə və bəlkə də 10 minlərlə insanı çörəksiz qoyublar”.

Partiya sədri qeyd edib ki, taksilərin avtobus zolağından istifadə etməsinə güzəşt kimi baxmaq lazım deyil:

“Çünki bu, belə də olmalıdır. Küçənin sağında velosiped sürən olmasa da, velosiped yolu var. Lakin taksi sürənlər var, taksi zolağı yoxdur. Göründüyü kimi, absurd şeydir.

Bildirim ki, hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətini qənaətbəxş sayıram, amma işində neqativ hallar da var. Məsələn, mən ötən dəfə Şəhidlər xiyabanını ziyarət etdikdən sonra taksi sifariş verdim. Taksi 1 saniyə saxlayıb, mən avtomobilə minmişəm və getmişik.

Lakin buna görə taksini 80 manat cərimə ediblər. Hərçənd ki, yolda hər hansısa bir zolaq və ya dayanma-durma işarəsi belə yoxdur. İnsanları sıxmaq olmaz. Taksi sürücüləri də çörək pulu üçün çıxırlar”.

Ağasif Şakiroğlunun sözlərinə görə, taksilərə qarşı bir çox cərimə ləğv olunmalıdır:

“Taksi sürücüsü müştərini yolun sağında götürməlidir, amma saxlayan kimi cərimə olunur. Ölkəni cərimələr məmləkətinə çevirmək doğru deyil. İnsanların narahat etmək olmaz. Guya taksidə nə pul var ki?! Yazıq taksi sürən bilmir qazandığı pulla amartizator xərclərini qarşılasın, yanacaq vursun, evinə çörək aparsın, yoxsa cərimə ödəsin.

Hesab edirəm ki, taksilər üçün dayanma-durma işarəsi yığışdırılmalıdır. Takislərin də avtobus zolağından istifadə etməsinə icazə verilməlidir. Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Daxili İşlər Nazirliyi ilə sintez edilmiş vahid bir bazası olmalıdır. Takislərə qarşı absurd məsələlər aradan qaldırlılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.