10 gündür AQTİS işləmir
26-10-2024, 08:14
Bir neçə il öncə Qida Təhlükəsizliyi Agentliyi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi – AQTİS (e-afsa.gov.az) formalaşdırıb. Faydalı bir resursdur, bir xeyli inteqrasiyalar da olunub.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlar bu resursdan aktiv istifadə edirlər, idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına, qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi, idxal üçün rəy verilməsi bunun vasitəsilə həyata keçirilir.
Yəni sahibkarlar buradakı şəxsi kabinetlə Agentliklə olan münasibətlərini tənzimləyir, müraciətlərini edir və bu müraciətlərə elektron olaraq cavab ala bilirdilər.
Ona görə keçmiş zamanda yazıram ki, artıq neçə gündür ki, bu faydalı resurs işləmir. Neçə gündür ki, sistemə daxil olmaq mümkün deyil.
Özüm də bir neçə dəfə cəhd etdim ki, Digital login-lə sistemə daxil olum.
Lakin dərhal hiss olunur ki, sistemdə problem var .
Xatırlayıram ki, ötən il bu resursun təkmilləşdirilməsi, yeni modulların daxil edilməsilə bağlı tender də keçirilib.
Düşünmək olar ki, AQTİS-də yaranan problem məhz sistemdəki yeniləmələrlə bağlı olub.
Maraqlıdır ki, dövlətə məxsus resurslar bəzən günlərlə işləmir. Amma bunun bir nəzarəti, açıqlamaları olmur. AQTA-da bununla bağlı açıqlama verməyib.
Güman ki, İRİA-nın da heç bundan xəbəri yoxdur.
Ümid edirəm tezliklə bu dövlət resursu fəaliyyətini bərpa edəcək.
#
AQTA rəhbərliyi yazılanlara reaksiya verdi, mənimlə də əlaqə saxladılar və sistemin işlədiyini bildirdilər. Yenidən sistemə daxil olub test etdim. Bu dəfə AQTİS-sə uğurla daxil olmaq mümkün oldu. Sistem əvvəlkindən fərqli olaraq normal çalışırdı.
AQTİS-ə nəzarət edənlər sistemi audit edərək LOG fayllar vasitəsilə 10 gün ərzində sistemə olan müraciətləri də təhlil edə bilərlər .
Dərhal reaksiya verdiklərinə, sistemi tez bərpa etdiklərinə görə qurumun rəhbərliyinə təşəkkürlər.
P.S. Bəzi sahibkarlar isə AQTİS tərəfindən onlara müxtəlif borcların yaranması ilə bağlı mesajlar göndərildiyini bildirib.
Əgər belə faktlar təsdiqlənərsə onda sistemə kənar müdaxilənin, kiber hücumun olmasını araşdırmaq da doğru olardı.
Osman Gunduz
TEREF