Evini su basmış iki Binə sakininin inzibati qaydada həbs olunduğu bildirilir

27-10-2024, 16:04           
Evini su basmış iki Binə sakininin inzibati qaydada həbs olunduğu bildirilir
Oktyabrın 22-də evlərinə yağış sularının ziyan vurduğunu deyərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsərək etiraz aksiyası keçirən iki sakinin inzibati qaydada həbs olunduğu bildirilir.

Sakinlər Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və kanalizasiya quyusunun qapağını açıblar. Onlar bunu yola yığılmış suyun getməsi üçün etdiyini bildiriblər.

Yolu kəsməkdə, tıxac yaratmaqda, həmçinin, polisə tabesizlik göstərməkdə ittiham olunan Binə sakinləri saxlanılaraq, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə aparılıblar. Sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə inzibati xəta ptotokolları hazırlanıb. Hər ikisi məhkəməyə aparılıb, lakin onların məhkəməsi ayrı-ayrılıqda keçirilib.

Məhkəmədə ifadə verən polislər bildiriblər ki, evlərini su basan sakinlər Binə körpüsünün girişini qəsdən bağlayıblar, bu isə tıxac yaranmasına səbəb olub.

"Onlar polislərə tabesizlik göstəriblər", deyə polis əməkdaşı bildirib.

Sakinlər isə ittihamları qəbul etməyiblər və oktyabrın 22-də yaşadıqları evləri su basarkən evlərdəki, həyətlərdəki suları təmizləmək üçün çarə axtardıqlarını deyiblər. Ona görə də kanalizasiya quyusunun ağzını açmaq qərarına gəldiklərini bildiriblər:

"Çünki quyunun qapağı tutulmuşdu, su getmirdi. Sürətlə gələn avtomobillərin hərəkəti isə buna imkan vermirdi. Bu səbəbdən iki maşınla yolda bir neçə dəqiqəlik hərəkəti dayandırıb, quyunun ağzını açıblar ki, kanalizasiyanı təmizləsinlər. Bu proses isə cəmi 5 dəqiqə çəkib".

Sakinlər əlavə edib ki, ora yol-patrul xidməti gəlib və heç bir polis əməkdaşına da tabesizlik göstərməyiblər, protokollarda bu barədə yazılanların doğru olmadığını qeyd ediblər.

Hər iki məhkəmə prosesində hakimlər qərara gəlib ki, polisə tabesizlik barədə ittiham əsassızdır. Bu səbəbdən İXM-in 535.1-ci maddəsinə xitam verilib. İXM-in 510-cu maddəsilə isə hər iki sakinə 7 sutka inzibati həbs cəzası verilib.

Hələlik, bu məlumata Daxili İşlər Nazirliyi və həbs edildiyi bildirilən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Oktyabrın 21-22-si Bakıda yağış bir sıra problemlərə yol açıb, həmçinin Sabunçu ərazisində su basmış tuneldə iki şəxs həyatını itirib. Paytaxtda tunelləri, küçələri, evləri su basıb, bəzi yerlərdə kanalizasiyalar daşıb. Nəqliyyat iflic vəziyyətə düşüb, avtobusların marşrut xətləri dəyişib.

Oktyabrın 23-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələlərlə bağlı iclas olub. Nazirlər Kabinetinin məlumatına görə, iclasda yağışın fəsadları ilə bağlı vəziyyətin araşdırıldığı, yekun qərar qəbul ediləcəyi qeyd olunub.

Müstəqil ekspertlər isə hesab edir ki, son onilliklərdə Bakıda su və kanalizasiya problemlərini həll etmək üçün milyard manatlarla pul ayrılıb, lakin onların xərclənməsində heç bir şəffaflıq olmayıb. Onlar bildirirlər ki, meydana çıxan problemlərin əsas səbəbi bu layihələrin icrasında yol verilən pozuntulardır.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.