Neft Fondu “Şahdəniz”in işlənməsindən nə qədər qazanıb? – RƏSMİ

7-11-2024, 12:34           
Neft Fondu “Şahdəniz”in işlənməsindən nə qədər qazanıb? – RƏSMİ
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 416,174 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Fonda xəbər verir ki, bu, 2023-cü ilin 10 ayının göstəricisi ilə müqayisədə 766,826 milyon ABŞ dolları və ya 2,8 dəfə azdır.

Bu ilin ilk 10 ayında Neft Fonduna daxil olan vəsaitlərin 115,409 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 144,145 milyon ABŞ dolları və ya 2,24 dəfə azdır.

Ötən ilin yanvar-oktyabr aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlirin həcmi 1 milyard 183 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 259,554 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.