Mərkəzi Bankın valyuta ehtiyatları və xaricdən pul köçürmələri yenə azalıb - Devalvasiya "qoxu"su...

6-12-2024, 00:08           
Mərkəzi Bankın valyuta ehtiyatları və xaricdən pul köçürmələri yenə azalıb -
İndi Azərbaycanda maliyyə aktivliyinin bu qədər aşağı düşməsini izah etmək asandır. Çünki gizlədiləsi bir şey qalmayıb. Dərə ilə aşağı yuvarlanırıq. Neft, qaz, elektrik enerjisi gəlirləri kəskin azalıb. Yaxın illərdə xarici bazarlarda qiymətlərin bizim üçün qənaətbəxş olacağı gözlənilmir. Mərkəzi Bankın valyuta ehtiyatları sürətlə azalır. Havada devalvasiya qoxusu var. Bu şəraitdə maliyyə aktivliyinin yüksək olmasını gözləməyə dəyməzdi.

Bizimyol.info xəbər verir ki, xaricdən pul köçürmələri yenə azalıb. Hətta nikbin proqnozlar da özünü doğrultmur. Düşünülürdü ki, vəziyyət nə qədər pis olsa da, ilin sonuna qədər xaricdən Azərbaycana pul köçürmələrinin ümumi həcmi 1 milyard dollara çatar. Belə görünür ki, həmin həddə də çatmaq mümkün olmayacaq.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454 milyon manat daxil olub. Bir ay əvvəlki son hesabatdan sonra bizim ölkəyə 122 milyon manat göndərilib. Bu göstəricinin də ayrıca çox aşağı olduğunu qeyd etməyə dəyər.

Keçən ilin eyni dövrü ilə müqayisə edəndə azalmanın 622 milyon manata yaxın olduğu görünür. Göstərici 30 faizi keçir. Vəziyyətin necə pisləşməsini göstərən daha bir statistika.

Banklardan xaricə göndərilən vəsaitin həcmi 440 milyon manat olub. Məsələn, keçən ilin eyni dövründə 76 milyon manat çox göndərilmişdi.

Mümkün devalvasiya gələcəkdə rəqəmləri yerindən oynada bilər, amma mahiyyət yenə dəyişməyəcək. Ölkəyə daha böyük pullar gəlmir. Xaricdən yaşayanların dotasiyası da əhalinin dolanışığında vacib rol oynayırdı. Ukrayna müharibəsi vəziyyəti çox dəyişdi. Üstəlik, xaricə miqrant kimi yollananların ölkə ilə az qala üzülüşmək düşüncəsi rəqəmlərə təsir edir.

İlin sonunda xaricdən pul köçürmələrinin ümumi həcmi ən yaxşı halda 1,7 milyard manata, yəni 1 milyard dollara yaxınlaşacaq. Gələn il nələrin baş verəcəyini isə düşünmək olmur. Sanki 2025-ci ildə bizi xeyli aşağı iqtisadi və maliyyə göstəriciləri gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.