Yeni il üçün ağlasığmaz qiymətlər: Adambaşı 500 manat...
11-12-2024, 11:17

Yeni il bayramı ilə əlaqədar paytaxtda və bölgələrdəki əyləncə mərkəzləri proqramlarını təklif etməyə başlayıb.
2025-ci ili əyləncə məkanlarında, otellərdə qarşılamaq üçün nə qədər vəsait tələb olunur?
TNS-in əməkdaşı Yeni il şənliklərinin təşkil olunduğu bəzi obyektlərlə əlaqə saxlayıb.
Bildirilib ki, kontingent və əyləncə mərkəzlərinin təqdim etdiyi proqram, menyudan asılı olaraq qiymətlər dəyişir.
Bəzi şadlıq saraylarında qiymət bir nəfərin əyləncəsi üçün 100 manatdan bir az yuxarıdır. Elə obyektlər də var ki, 1 nəfər üçün qiymət 250 manatdan başlayır. Bəzi Yeni il şənliklərinin qiyməti 500 manata çatır.
Misal üçün, bayram məclisini idarə edən sənətçi xaricdən gələcəksə, qiymət avtomatik yüksələcək. Yerli müğənnilərin, sənət adamlarının şou-proqramlarının təqdim olunacağı restoranlarda isə qiymətlər 100-150 manat aralığında olacaq. Bu qiymətlər paytaxtdakı şadlıq sarayları və restoranlar üçündür.
Bölgələrə gəlincə, qiymətlər Bakıdan daha yüksəkdir. Məsələn, turizm zonalarındakı otellərdə Yeni il əyləncələri adambaşı 500 manatdan başlayır. Bu qiymətə oteldə gecələmə və digər xidmətlər daxil deyil. 500 manat və daha çox məbləğ sadəcə şou-proqramda iştirak üçün tələb olunur.
Yeni il gecəsi oteldə qalmaq, digər xidmətlərdən yararlanmaq istəyənlər əlavə olaraq, həmin xidmətlər üçün də ödəniş etməlidirlər.
Bayram tətili olduğu üçün həmin tarixlərdə otellərə tələbat artır. Bu da öz növbəsində gecələmə qiymətlərin də artmasına səbəb olur.